Elm və Təhsil Nazirliyində olduğu kimi, Mədəniyyət Nazirliyi sisteminə daxil olan dövlət müəssisələrində də müəllimlərin biliyi attestasiya qaydası ilə yox, sertifikasiya imtahanı ilə müəyyən ediləcək.
“Tehsil365” xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində və “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində öz əksini tapıb.
Bildirilib ki, Əmək Məcəlləsi və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi yalnız texniki hüquqi dəyişiklik deyil. Bu layihənin çox mühüm sosial tərəfi var: sertifikatlaşdırma həm müəllimlərin sosial müdafiəsinə xidmət edəcək, həm də valideynlərin təhsil sistemini anlaması baxımından əhəmiyyətli olacaq.
Vurğulanıb ki, sertifikasiya qaydası şəffaflığa xidmət edir, obyektivliyi artırır.
Müzakirə zamanı qeyd edilib ki, dəyişikliklər yalnız qiymətləndirmə mexanizmlərinin yenilənməsi deyil, eyni zamanda təhsil sisteminin şəffaflığının, sosial ədalətin və ictimai etimadın gücləndirilməsinə yönəlmiş hüquqi addımdır.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

