Azərbaycan gənclərinin xaricdə nüfuzlu ali məktəblərdə təhsil almasını dəstəkləyən “2022-2028-ci illər üçün Dövlət Proqramı” ölkəmizin insan kapitalının inkişafına mühüm töhfə verir. Bu proqram çərçivəsində yüksək akademik göstəricilərə malik yüzlərlə tələbə dünyanın aparıcı universitetlərində dövlət hesabına müxtəlif ixtisaslar üzrə biliklərə yiyələnir. Gələcəyin peşəkar kadrları kimi formalaşan bu gənclərin əsas məqsədi qabaqcıl beynəlxalq təcrübəni mənimsəyərək vətənə dönmək və Azərbaycanın davamlı inkişafında yaxından iştirak etməkdir.
Maraqlıdır, “2022-2028-ci illər üçün Dövlət Proqramı” çərçivəsində təhsil almaq hüququ qazanan iştirakçıların ən çox qəbul olduqları ixtisas istiqamətləri hansılardır?
“Tehsil365” AzEdu.az-a istinadla xəbər verir ki, Təhsil Portalı Dövlət Proqramı İdarəetmə Qrupu (DPİQ) bu barədə məlumat verib.
Proqram çərçivəsində təhsil almaq hüququ qazanmış 1752 nəfər əsasında hazırlanan statistik göstəricilər gənclərin daha çox müasir dövrün tələblərinə cavab verən texnoloji və dəqiq elmlərə üstünlük verdiyini göstərir:
"Belə ki, siyahıya informasiya texnologiyaları ixtisası liderlik edir. Bu istiqamət üzrə ümumilikdə 384 nəfər təhsil almaq hüququ qazanıb. İkinci yerdə 231 nəfərlə mühəndislik, üçüncü yerdə isə 205 nəfərlə maliyyə ixtisası qərarlaşıb.
Reytinqdə növbəti pillələri dövlət idarəetməsi və iqtisadiyyat ixtisasları bölüşür. Hər iki istiqamət üzrə 157 nəfər qəbul alıb.
Ən çox seçilən ixtisaslar siyahısında daha sonra statistika və verilənlərin təhlili (132 nəfər), təhsil (115 nəfər), fundamental və tətbiqi elmlər (93 nəfər), energetika (53 nəfər) və hüquq (41 nəfər) sahələri yer alır".
Bu statistika gənclərin həm qlobal əmək bazarının tələblərinə, həm də ölkə iqtisadiyyatının prioritet istiqamətlərinə uyğun sahələrə maraq göstərdiyini nümayiş etdirir.

