“Şagirdlər düsturlardan yox, başa düşmədiklərindən qorxur”.
Bu fikirləri “Tehsil365”ə müsahibəsində riyaziyyat müəllimi Arif Əliyev bildirib.
Triqonometriya mövzusu abituriyentlər üçün niyə çətin hesab olunur?
— Triqonometriya illərdir şagirdlərin çətinlik çəkdiyi mövzulardan biridir. Əsas səbəb mövzunun çoxlu düsturlarla zəngin olmasıdır. Şagirdlər bu düsturları yadda saxlamaqda çətinlik çəkir və mövzuya qarşı qorxu yaranır. Əslində isə problem düsturların çoxluğunda yox, onların düzgün başa düşülməməsindədir.
Şagirdlər ən çox hansı məqamda çətinlik yaşayır?
— Ən çox sin, cos, tan kimi anlayışları qarışdırırlar. Bu anlayışların məntiqini anlamadan sadəcə əzbərləməyə çalışırlar. Nəticədə isə sual bir qədər fərqli təqdim olunanda çaşırlar və səhv edirlər.
Bu çətinlik dərs prosesində necə hiss olunur?
— Dərs zamanı görürük ki, bəzi şagirdlər mövzunu əvvəlcədən çətin kimi qəbul edir. Bu da onların diqqətinə və öyrənmə istəyinə təsir edir. Onlar daha çox çəkinir, sual verməkdən belə utanırlar. Bu isə problemi daha da dərinləşdirir.
Sizcə, bu problemin həlli üçün nə etmək lazımdır?
— Ən vacibi mövzunu əzbər yox, məntiqi şəkildə öyrətməkdir. Vizual izahlar, qrafiklər və sadə nümunələr çox kömək edir. Şagirdlərə çoxlu test işləmək də tövsiyə olunur. Çünki triqonometriya praktikaya əsaslanan mövzudur.
Abituriyentlərə nə tövsiyə edərdiniz?
— Bu mövzudan qorxmasınlar. Triqonometriya ilk baxışda çətin görünə bilər, amma addım-addım öyrənəndə daha aydın olur. Əsas odur ki, səbirli olsunlar və mütəmadi çalışsınlar.

