Martın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunda “31 Mart - azərbaycanlıların soyqırımı siyasi partiyaların sənədlərində və mühacir ziyalıların elmi-publisistik irsində” mövzusunda dəyirmi masa keçirilib. Tədbir 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününün 108-ci ildönümü ilə əlaqədar təşkil edilib.
İnstitutdan “Tehsil365” ə bildirilib ki, dəyirmi masada elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru, dosent İlqar Niftəliyev 1918-ci ilin mart hadisələrinin Azərbaycan xalqına qarşı törədilmiş ağır bəşəri cinayətlərdən biri olduğunu vurğulayıb. O deyib ki, həmin hadisələr tariximizin faciəli səhifəsi, eyni zamanda, milli yaddaşımızın ayrılmaz hissəsidir. Mart soyqırımı ilə bağlı faktların araşdırılması, arxiv sənədlərinin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması bu gün də aktual olaraq qalır.
Azərbaycan Cümhuriyyətinin tarixi şöbəsinin müdiri tarix elmləri doktoru, dosent Kamran İsmayılov “Mart soyqırımı: kökləri, səbəbləri, nəticələri” mövzusunda məruzə ilə çıxış edərək hadisələrin tarixi əsasları, siyasi səbəbləri və nəticələri barədə geniş məlumat verib.
İnstitutun aparıcı elmi işçisi tarix üzrə fəlsəfə doktoru Aygün Əzimova “Mart hadisələrinə Azərbaycan və ümum-Rusiya siyasi partiyalarının münasibəti” mövzusunda çıxış edib. Aparıcı elmi işçi dosent Mübariz Ağalarlı isə Azərbaycanın mühacir ziyalılarının elmi-publisistik irsində 31 mart soyqırımının əks olunmasının vəziyyətini geniş şəkildə diqqətə çatdırıb.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

