Novruz xalqımızın zəngin maddi və mənəvi dəyərlərini özündə əks etdirən böyük mədəniyyət hadisəsidir və bəşəriyyətin ən qədim mərasimlərindən biri hesab olunur.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında filologiya üzrə fəlsəfə doktoru Cəlal Allaverdiyev bildirib.
Onun sözlərinə görə, qədim zamanlardan etibarən türk xalqları bu bayramı böyük şənliklərlə qarşılayıb və Novruz əsrlərin sınağından çıxaraq günümüzədək gəlib çatıb. 2009-cu il sentyabrın 30-da Novruz bayramının UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun bəşəri dəyərinin təsdiqidir.
“Novruz başdan-başa ruh yüksəkliyi, əmək coşqunluğu, torpağa və insana məhəbbət bayramıdır. Bu bayram xalqımızın əsrlər boyu formalaşdırdığı adət-ənənələri, mənəvi dəyərləri yaşadır və gələcək nəsillərə ötürür”, – deyə C.Allaverdiyev vurğulayıb.
O bildirib ki, Novruz bayramı tarixən müxtəlif adlarla tanınıb və elmi ədəbiyyatda geniş şəkildə tədqiq olunub. Bu bayram Türk dünyasında “Ergenekon bayramı” kimi də tanınır və qədim tarixi torpaqlarımız olan Qərbi Azərbaycanda xüsusilə böyük coşqu ilə qeyd olunub.
“Qərbi Azərbaycan bölgəsi Novruzun ən möhtəşəm şəkildə qeyd olunduğu ərazilərdən biri olub. Bu regionda bayrama hazırlıq bir ay əvvəldən başlayar, evlər təmizlənər, həyətlər abadlaşdırılar, torpaq bellənər, ağacların dibi becərilərdi. Bütün bu hazırlıqlar bayramın xüsusi əhvali-ruhiyyə ilə qarşılanmasına xidmət edirdi”, – deyə fəlsəfə doktoru qeyd edib.
C.Allaverdiyev əlavə edib ki, bölgədə Novruz mərasimləri özünəməxsus xüsusiyyətləri ilə seçilib: “Məsələn, ilk çərşənbədə evlərdə kükülü plov bişirilərdi. Bu yemək üçün yarpız toplanar və xüsusi dadı ilə seçilərdi. Bu ənənələr bu gün də həmin bölgədən olan insanlar arasında yaşamaqdadır”.
Fəlsəfə doktoru vurğulayıb ki, Novruz bayramı günlərində hər məhəllədə, hər evin həyətində tonqallar qalanar, insanlar bu tonqalların ətrafında toplaşaraq bayramı böyük sevinclə qeyd edərdilər. Martın 21-i isə bayramın əsas günü olmaqla yanaşı, “görüş günü” kimi də xüsusi əhəmiyyət daşıyırdı. Bu gün insanlar ağsaqqalların, valideynlərin evinə gedər, onları ziyarət edər, bayramlarını təbrik edərdilər. Bu, həm də böyüklərə hörmət və ailə dəyərlərinin təcəssümü idi.
“Son illərdə tarixi torpaqlarımızda bu ənənələrin icrası mümkün olmasa da, xalqımızın yaddaşında və mədəniyyətində bu dəyərlər yaşayır. Biz inanırıq ki, vaxt gələcək, Qərbi Azərbaycanda da Novruz tonqalları yenidən alovlanacaq, bu bayram öz doğma torpaqlarında yenidən böyük coşqu ilə qeyd olunacaq”, - deyə Cəlal Allaverdiyev vurğulayıb.

