İmtahan dövrü tələbələr üçün ən gərgin mərhələlərdən biri hesab olunur. Bu müddətdə artan akademik yük, yüksək gözləntilər və uğur qazanmaq istəyi tələbələrin psixoloji vəziyyətinə ciddi təsir göstərə bilər.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva “Tehsil365"ə açıqlama verib.
Psixoloqun sözlərinə görə, imtahan stressi tələbələr arasında geniş yayılmış haldır: “İmtahan dövründə tələbələrdə narahatlıq, gərginlik, yuxu pozuntuları və diqqət problemləri müşahidə oluna bilər. Bu, əsasən nəticə ilə bağlı yüksək gözləntilərdən və uğursuzluq qorxusundan qaynaqlanır.”
Mütəxəssis qeyd edib ki, düzgün planlaşdırma bu prosesdə mühüm rol oynayır: “Tələbələrin dərs yükünü əvvəlcədən planlaşdırması, fasilələrlə oxuması və istirahətə vaxt ayırması stressin idarə olunmasına kömək edir.”
Psixoloq əlavə edib ki, psixoloji dəstək də vacibdir: “Tələbələr çətinlik yaşadıqları zaman bu hissləri içlərində saxlamamalı, yaxınları və ya mütəxəssislərlə bölüşməlidirlər. Bu, onların emosional yükünü azalda bilər.”
Onun sözlərinə görə, sağlam həyat tərzi də stressin azalmasına təsir edir: “Düzgün qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik tələbələrin həm psixoloji, həm də fiziki vəziyyətini yaxşılaşdırır.”
Sonda psixoloq bildirib ki, imtahanlar həyatın yalnız bir mərhələsidir: “Tələbələr nəticədən asılı olmayaraq özlərinə qarşı anlayışlı olmalı və uğursuzluğu inkişaf üçün bir fürsət kimi qəbul etməlidirlər.”

