“Uşaqlar arasında artan psixoloji təzyiq onların davranış və sağlamlığına ciddi təsir göstərir.”
Bu sözləri “Tehsil365”ə açıqlamasında psixoloq Fəridə Musəvi bildirib.
Onun sözlərinə görə, hazırda uşaqlar arasında ən aktual problemlərdən biri funksional həyəcan və mükəmməllik sindromudur.
“Uşaqlar müəllim və valideynlərini utandırmaqdan, yanılmaqdan qorxurlar. Bu isə uşağın üzərinə mənəvi və emosional olaraq həddindən artıq yük qoyulmasından irəli gəlir”, – deyə o qeyd edib.
Psixoloq bildirib ki, çox zaman uşağa psixoloji olaraq yalnız yüksək nəticə göstərməli olduğu aşılanır və bu da onda ciddi məsuliyyət hissi yaradır.
“Uşağa ötürülür ki, o, mütləq yüksək qiymət almalıdır və aşağı nəticə mümkün deyil. Bu zaman uşaq özünü bu yükün altında hiss edir”, – deyə o əlavə edib.
Fəridə Musəvi qeyd edib ki, bu hal uşaqlarda müxtəlif psixoloji və fiziki əlamətlərlə özünü göstərir.
“Səbəbsiz yuxu pozğunluğu, yersiz ağlamalar, bədəndə ağrılar və hətta qaytarmalar həyəcan və təşvişdən yaranır. Uşaqlar dərslərini etmələrinə baxmayaraq, təkrar-təkrar oxuyur və özlərini bilməmiş hesab edirlər”, – deyə psixoloq vurğulayıb.
O əlavə edib ki, uşağın davranışında ani dəyişikliklər də bu problemin göstəricisi ola bilər.
“Əgər uşaq əvvəl aktiv və ünsiyyətcil olub, sonradan ünsiyyətdən uzaqlaşırsa, bu da funksional həyəcan və mükəmməllik sindromunun əlamətidir. Uşaq hər şey qaydasındadır görüntüsü yaratmağa çalışsa da, daxilində ciddi psixoloji gərginlik yaşayır”, – deyə o fikrini yekunlaşdırıb.

