“Uşaqların üzərinə qoyulan həddindən artıq emosional və psixoloji yük onların davranışına və həyat tərzinə təsir edir.”
Bu sözləri “Tehsil365”ə açıqlamasında psixoloq Fəridə Musəvi bildirib.
Onun sözlərinə görə, valideynlər və müəllimlər çalışmalıdır ki, uşaqları funksional həyəcan mühitinə sürükləməsinlər.
“Ümumiyyətlə çalışmalıyıq ki, bu dönəmə girməyək və övladlarımızı, şagirdlərimizi bu həyəcanın içinə salmayaq. Onları emosional və psixoloji olaraq gücündən artıq yükləməməliyik”, – deyə o qeyd edib.
Psixoloq bildirib ki, uşağın üzərinə həddindən artıq öhdəlik qoyulması onun daxili gərginliyini artırır və müxtəlif problemlərə səbəb olur.
“Əgər biz bilmədən bu səhvləri etmişiksə və uşaqda dəyişiklik hiss ediriksə, buna diqqət yetirməliyik. Məsələn, internet asılılığı da bunun göstəricilərindən biridir”, – deyə o əlavə edib.
Fəridə Musəvi vurğulayıb ki, uşağın virtual mühitə həddindən artıq meyil göstərməsi onun reallıqdan qaçmağa çalışdığını göstərir.
“Uşaq reallıqdan qaçır və vaxtının çoxunu sosial şəbəkələrdə keçirir ki, real proseslərdən uzaq olsun. Bu da psixoloji gərginliyin nəticəsidir”, – deyə psixoloq bildirib.
O qeyd edib ki, belə hallarda valideynlər uşaqlara qarşı daha anlayışlı olmalı və onlara düzgün psixoloji dəstək verməlidir.
“Uşağa aşılamaq lazımdır ki, o hər şeyin ən yaxşısını etmək məcburiyyətində deyil. O, öz gücü çərçivəsində etdikləri ilə dəyərlidir və bu da kifayətdir”, – deyə o vurğulayıb.
Psixoloq sonda valideynlərə tövsiyə edib ki, belə hallar müşahidə olunarsa, uşaqları məktəb psixoloquna yönləndirsinlər.

