Martın 18-də Bakı Slavyan Universitetində (BSU) Novruz bayramına həsr olunan tədbir keçirilib. Tədbirdə rektor Anar Nağıyev, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, ilk olaraq tədbir iştirakçıları universitetin fakültələri tərəfindən hazırlanan ənənəvi xonça sərgisinə baxış keçiriblər.
Tədbir zamanı çıxış edən BSU-nun rektoru Anar Nağıyev Novruz bayramının Azərbaycan xalqı üçün son illərdə xüsusi məna və dəyər kəsb etdiyini vurğulayıb. Bildirib ki, bu gün Novruz tonqalları artıq təkcə ölkənin müxtəlif bölgələrində deyil, eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızda – Şuşada, Xankəndində, Ağdamda, Kəlbəcərdə və digər şəhərlərimizdə alovlanır və bu, dövlətimizin ərazi bütövlüyünün, xalqımızın milli birliyinin bariz təcəssümüdür.
Rektor qeyd edib ki, bu qürurveci günləri xalqımıza yaşadan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətini, qətiyyətli iradəsini,diplomatik strategiyasını,hərbi məharətini xalqımız çox yüksək qiymətləndirir. Eyni zamanda Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü,suverenliyi uğrunda mübarizədə canlarını qurban verən qəhrəman şəhidlərimizin əziz xatirəsi daim uca tutulur.
Çıxışında rektor Ümummilli Lider Heydər Əliyev tərəfindən Novruz bayramına verilən dəyərin əhəmiyyətini xüsusi vurğulayaraq bildirib ki, məhz Ulu Öndərin fəaliyyəti nəticəsində bu bayramın dövlət səviyyəsində qeyd olunması təmin edilib və bu yanaşma Azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsi kimi formalaşıb.
Rektor qeyd edib ki, bu gün Azərbaycan gəncləri bütöv və suveren dövlətin vətəndaşları kimi formalaşaraq, həm peşəkar mütəxəssis, həm də yüksək vətənpərvərlik ruhuna malik şəxsiyyətlər kimi inkişaf etməlidirlər. O vurğulayıb ki, bu vətənpərvərlik anlayışının əsasını milli-mənəvi dəyərlərə, o cümlədən Novruz kimi qədim bayramlara və xalqımızın zəngin adət-ənənələrinə bağlılıq təşkil edir.
Bildirilib ki, əsrlər boyu nəsildən-nəslə ötürülərək qorunub saxlanılan bu dəyərlərin yaşadılması və gələcək nəsillərə düzgün şəkildə çatdırılması bu günün gənclərinin üzərinə düşən mühüm və məsuliyyətli vəzifədir.
Tədbir bədii-musiqili proqram ilə davam edib.
Sonda tədbir BSU-nun ikinci tədris binasının həyətində Novruz tonqalının alovlandırılması ilə yekunlaşıb.

