Martın 19-da Bakı Dövlət Universitetində (BDU) Azərbaycan-Koreya Kompüter Elmləri Mərkəzinin açılış mərasimi keçirilib.
“Tehsil365” xəbər ki, Mərkəz BDU və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə yenidən qurulub. Burada informasiya texnologiyaları, süni intellekt və kibertəhlükəsizlik sahələrində tədris və tədqiqat fəaliyyətinin gücləndirilməsi nəzərdə tutulur. Mərkəzin yeni konsepsiya ilə istifadəyə verilməsi Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı”nda ali təhsil müəssisələri qarşısında müəyyən olunan vəzifələrə uyğun olaraq həyata keçirilib. Bu təşəbbüs ali təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişafı, süni intellekt və kibertəhlükəsizlik sahələrində ixtisaslaşmış kadr hazırlığının gücləndirilməsi, elmi-tədqiqat və innovasiya fəaliyyətinin genişləndirilməsinə xidmət edir. Yenilənmiş mərkəzin əsas məqsədi müasir texnoloji çağırışlara cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, tələbələrin nəzəri biliklərinin praktiki bacarıqlarla inteqrasiyası, innovativ tədqiqat mühitinin formalaşdırılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsidir. Eyni zamanda, Mərkəzin universitet-sənaye əməkdaşlığının inkişafına, tətbiqyönümlü layihələrin hazırlanmasına və tələbələrin real texnoloji problemlərin həllinə cəlb olunmasına töhfə verəcəyi vurğulanıb.

