“Təəssüf ki, biz bu məsələdə ixtisasa peşəyə görə seçim edə bilmirik. Çünki qəbul sistemi qruplar üzrə qurulub. Bu səbəbdən hüquqşünas olmaq istəyən biri tarixçi, həkim olmaq istəyən biri isə biologiya müəllimi ola bilir. Bu seçim mərhələsi nisbətən çətindir və qruplar üzrə deyil, ixtisaslar üzrə olsa daha yaxşı olar,” – deyə Məmmədli vurğulayıb.
Təhsil eksperti Məzahir Məmmədli “Tehsil365 “ə verdiyi açıqlamada qeyd edib ki, Azərbaycanda tələbə qəbul sistemi bir qədər fərqli qurulduğundan abituriyentlər ixtisası birbaşa peşəyə görə deyil, qruplar üzrə seçirlər.
Ekspert kodlaşdırma zamanı diqqət edilməli məqamlara da toxunub: “Ən vacib məsələ mütəxəssislərə müraciət edərkən diqqətli olmaqdır. Abituriyentlər və valideynlər mütəxəssislərə müraciət edirlər, ancaq hər kəsin öz balına və imtahan verdiyi qrupa uyğun ixtisas seçimi edilməlidir. Bilirsiniz, 15 ixtisas üçün yer ayrılır və burada əsas məqam həmin ixtisasların keçən ilki qəbul ballarını nəzərə almaqdır. Təbii ki, toplanılan bal da nəzərdə tutulmalıdır.”
Məzahir Məmmədli əlavə edib ki, ixtisas seçimi sistemi fərqli bir mövzudur və hazırkı mexanizm abituriyentləri məcburən qruplar üzrə seçim etməyə yönəldir: “Əgər seçim ixtisaslara görə olsaydı, abituriyentlər daha rahat və məqsədyönlü seçim edə bilərdilər. Bu, həm onların gələcək peşə həyatına, həm də təhsil sisteminin keyfiyyətinə müsbət təsir göstərərdi.”

