Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC-də Novruz daha gözəl olur” adlı bayram tədbiri keçirilib.
Universitetdən “Tehsil365"ə bildirilib ki, tədbirin açılışında UNEC-in rektoru professor Ədalət Muradov universitet kollektivini təbrik edərək, bu əziz bayramın birlik, həmrəylik və milli dəyərlərin təntənəsi olduğunu vurğulayıb. Novruzun insanlara yenilənmə, ümid və gələcəyə inam aşıladığını deyən rektor, müəllim, tələbə və əməkdaşlara cansağlığı, uğurlar və firavanlıq arzulayıb.
Sonra Ədalət Muradov tələbə-rektor Ayan Cavadzadə ilə birlikdə Novruz tonqalını alovlandırıb.
Bayram şənliyində Azərbaycanın müxtəlif regionlarına xas olan Novruz mətbəxinin nemətləri və atributları ilə zəngin guşələr nümayiş olunub. Fakültələr tərəfindən hazırlanmış Novruz xonçaları və milli şirniyyatlar böyük maraqla qarşılanıb.
Tədbirdə Novruzun ənənəvi personajları olan Kosa və Keçəlin iştirakı ilə təqdim olunan səhnəciklər, əyləncəli oyunlar, eləcə də pəhləvanın göstərdiyi nömrələr iştirakçılara xoş anlar yaşadıb. Yaradıcılıq Mərkəzinin vokal, instrumental orkestr və rəqs dərnəklərinin üzvləri olan istedadlı tələbələrin çıxışları isə tədbirə xüsusi bayram ovqatı qatıb.
Əcnəbi tələbələrin də böyük maraqla qoşulduğu şənlik çərçivəsində bayram tonqalının ətrafında yallı gedilərək birlik və həmrəylik nümayiş etdirilib. Tədbir musiqiçilərin ifasında səsləndirilən şən musiqi nömrələri ilə davam edib.

