Bakı Dövlət Universitetində (BDU) “Web of Science” platformasında tədqiqat analitikası: təşkilat və müəllif profilləri, əməkdaşlıq imkanları” mövzusunda təlim təşkil olunub.
Universitetdən “Tehsil365"ə bildirilib ki, BDU Elmi Kitabxanasının və Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin birgə keçirdiyi tədbir “Web of Science” platformasının effektiv istifadəsinin artırılması məqsədilə təşkil edilib.
Təlim “Clarivate” şirkətinin Azərbaycan üzrə rəsmi nümayəndəsi, müştəri məmnuniyyəti üzrə məsləhətçi Xəyalə Hacıyeva tərəfindən keçirilib.
Görüş çərçivəsində BDU-nun “Web of Science” platformasındakı təşkilat profili təhlil olunub, təsdiqlənməmiş müəllif profillərinin müəlliflər tərəfindən təsdiqlənməsi prosesi praktiki şəkildə nümayiş etdirilib.
Bununla yanaşı, iştirakçılara platformanın süni intellekt əsaslı “Research Assistant” funksiyasının imkanları təqdim olunub. Təlim zamanı ədəbiyyat icmalının hazırlanması, elmi hipotezlərin formalaşdırılması və məqalələrin nəşri üçün uyğun jurnalların müəyyənləşdirilməsi kimi mühüm məsələlər ətraflı izah edilib.

