Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları üçün “Ailədə yaşamaq və tərbiyə olunmaq hüququnun təmin edilməsi və müstəqil həyata hazırlıq üzrə Ailə Tərbiyəsinə Dəstək Mərkəzlərinin əsas fəaliyyət istiqamətləri” mövzusunda təlim təşkil olunub.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən “Tehsil365"ə verilən məlumata görə, “Naş Dom” Sosial Rifah Mərkəzinin əməkdaşları tərəfindən keçirilən təlimdə müasir sosial qayğı sistemində mərkəzlərin rolu, uşaqların bioloji ailə bağlarının qorunması və bu sahədə risklərin qarşısının alınmasının əhəmiyyətindən bəhs edilib.
Təlim çərçivəsində uşaqların ailə mühitinə yerləşdirilməsi mexanizmləri, alternativ ailə qayğısı, həmçinin bu sahədə tətbiq olunan müxtəlif dəstək proqramları haqqında danışılıb. Eyni zamanda, müəssisədə böyüyən uşaqların müstəqil həyata hazırlanması, onların sosial adaptasiyası və həyat bacarıqlarının formalaşdırılması sahəsində aparılan işlərə toxunulub.
Eləcə də uşaqların fərdi inkişaf xüsusiyyətlərini nəzərə alan tərbiyə proqramları və mərkəzin bu sahədə həyata keçirdiyi fəaliyyət barədə məlumat verilib.

