Böyük Britaniyanın Aberdin şəhərində Novruz bayramı münasibətilə keçirilən festival çərçivəsində Azərbaycan musiqisinə və mədəniyyətinə həsr olunan tədbir təşkil edilib.
“Tehsil365" xəbər verir ki, bu çərçivədə “Buta” Azərbaycan-Şotlandiya Assosiasiyasının rəhbəri Nərgiz Morissonun dəstəyi ilə şəhərin tarixi “Trinity Hall” məkanında konsert keçirilib. Tədbir azərbaycanlı skripkaçı Səbinə Rakçayeva və pianoçu Günel Mirzəyevanın çıxışı ilə başlayıb. Tədbirdə Azərbaycanın milli geyimləri də nümayiş olunub.
Bildirək ki, martın 22-dək davam edəcək Novruz Aberdin Festivalı yazın gəlişini, yenilənməni və mədəni müxtəlifliyi qeyd edir.
Festival çərçivəsində Aberdində yaradıcılıq tədbirləri də təşkil olunub. “Books and Beans” məkanında keçirilən keramik altlıqların boyanması üzrə ustad dərsində iştirakçılar azərbaycanlı Səbinə Mehtiyevanın rəhbərliyi ilə əl işləri hazırlayıblar. Qonaqlar ənənəvi Novruz şirniyyatları ilə bayramı qeyd edib, Azərbaycan mədəniyyəti ilə yaxından tanış olub və yaradıcılıqlarını nümayiş etdiriblər.
Festival çərçivəsində bu axşam poeziya gecəsi keçiriləcək, klassik və müasir Azərbaycan şairlərinin şeirləri təqdim olunacaq.

