Kürdəmirdə baharın gəlişini simvolizə edən Novruz bayramı münasibətilə ümumrayon tədbiri təşkil olunub.
“Tehsil365” xəbər verir ki, rayon bayram münasibətilə xüsusi olaraq bəzədilib, səmənilər, xonçalar, milli ornamentlərlə işlənmiş dekorativ guşələr qurulub. Mərkəzi meydanda yaradılan bayram ab-havası sakinlərin böyük marağına səbəb olub, tonqallar ətrafında toplaşan insanlar Novruzun qədim ənənələrini yaşadıblar.
Tədbirdə çıxış edənlər Novruz bayramının xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında mühüm rol oynadığını vurğulayıb, sakinləri bayram münasibətilə təbrik ediblər.
Bayram proqramı çərçivəsində təşkil olunan sərgi və kompozisiyalarda milli mətbəximizin müxtəlif nümunələri nümayiş etdirilib, kənd təsərrüfatı məhsulları, el sənətkarlığı nümunələri və qədim məişət əşyaları ziyarətçilərə təqdim olunub. Məktəblilərin hazırladıqları əl işləri və rəsm sərgiləri isə gənc nəslin milli dəyərlərə bağlılığını əyani şəkildə göstərib.
Meydanda qurulan səhnədə idmançıların nümunəvi çıxışları təqdim olunub. Güləşçilərin güc nümayişləri, kəndirbazların çevik hərəkətləri bayrama rəng qatıb. Bununla yanaşı, milli rəqslər ifa olunub, folklor nümunələri səsləndirilib. Novruz personajları Keçəl və Kosa isə öz məzəli səhnəcikləri ilə tədbirə xüsusi rəng qataraq, xüsusilə uşaqların sevincinə səbəb olublar.
Sonra bayram tonqalı qalanıb.
Tədbirin bədii hissəsi tanınmış müğənnilərin iştirakı ilə təşkil olunan konsert proqramı ilə davam etdirilib.

