Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki şəhər Rasim Ocaqov adına Uşaq-Gənclər İnkişaf Mərkəzində Novruz bayramı münasibətilə keçirilən tədbir öz rəngarəngliyi ilə iştirakçılara xoş anlar yaşadıb.
Regional Təhsil İdarəsindən “Tehsil365"ə bildirilib ki, xalqımızın qədim tarixini, milli adət və ənənələrini gənc nəslə daha yaxından tanıtmaq, təbliğ etmək məqsədi daşıyan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova çıxış edərək, tədbir iştirakçılarını xalqımızın milli bayramı olan Novruz münasibətilə təbrik edib, bu bayramın xalqımızın mədəniyyətini, milli mənəvi dəyərlərini dünyaya tanıtdıran qədim el bayramı olduğunu bildirib. Novruzun sülh və əmin-amanlığı tərənnüm etdiyini, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu qeyd edən idarə müdiri bu bayramın yenidən Qarabağ torpaqlarında keçirilməsinin xalqımıza ayrıca bir sevinc bəxş etdiyini vurğulayıb.
Çıxışlarda qeyd olunub ki, zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edən Novruz bayramı xalqda gələcəyə nikbinliklə, ümidlə baxmaq hissləri doğurur.
Dədə Qorqud və Bahar qızı tədbir iştirakçılarına öz bayram təbriklərini çatdırıblar.
Tədbirdə şagirdlərin ifasında Novruza aid mahnılar, şeirlər səsləndirilib, maraqlı səhnəciklər göstərilib. Novruzun personajları olan Keçəl və Kosa məzəli oyunları ilə tədbir iştirakçılarına xoş anlar bəxş ediblər.

