Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası tərəfindən təsdiqlənmiş “Elmi etika kodeksi” akademik dürüstlük prinsiplərinin pozulmasına qarşı geniş tədbirlər nəzərdə tutur.
“Tehsil365” xəbər verir ki, tədqiqatda dürüstlük prinsiplərinin pozulması hallarına saxtalaşdırma, təhrif, plagiat, təkrar nəşr, hissələrə ayırma, dəstəkləyən təşkilat haqqında məlumat verməmə, haqsız müəlliflik, resursların səmərəsiz istifadəsi, səlahiyyətlərdən sui-istifadə və rəy prosesinə qanunsuz müdaxilə halları daxildir.
Kodeksə əsasən, etik davranış qaydalarının pozulması və sui-istifadə halları ədalətli və şəffaf şəkildə araşdırılmalı, iştirakçıların məxfiliyi təmin edilməli, maraq toqquşmaları açıqlanmalı və nəticələr ictimaiyyətə təqdim olunmalıdır. Həmçinin, ittiham olunan şəxslərə iddialara cavab vermək və sübut təqdim etmək imkanı verilir, ictimaiyyət isə öz rəylərini ifadə etməsi üçün ictimai qınaq və ya sosial tənqid mexanizmi tətbiq olunmalıdır.
Qeyd edək ki, "Elmi etika kodeksi" dissertasiyalar, elmi məqalələr və digər nəşrlər, tədqiqat zamanı toplanmış məlumatlar və verilənlər bazaları, proqram təminatı, kod və alqoritmlər, laboratoriya və sahə qeydləri, qrant və layihə hesabatları, təqdimatlar və tədqiqatın nəticələrini əks etdirən digər elmi materiallara şamil edilir.

