Yazar İradə Aytel hesab edir ki, müasir oxucu ilə 20–30 il əvvəlki oxucu arasında ciddi fərqlər mövcuddur. Onun sözlərinə görə, əvvəlki dövrün oxucuları daha çox romantik təfəkkürə sahib olub, reallıqdan çox ideallara və xəyali dünyalara yönəlirdilər. Onlar sevgiyə inanır, dünyanı məhz sevginin və gözəlliyin xilas edəcəyinə ümid bəsləyirdilər.
Yazar “Tehsil365”ə açıqlamasında qeyd edir ki, həmin dövrdə yazan müəlliflər də oxucu psixologiyasını nəzərə alırdı. Bu baxımdan Mark Twainin məşhur fikrini xatırladır: “Əksər yazıçılar həqiqəti ən böyük sərvət sayır və ona qənaətlə yanaşırlar.”
İradə Aytelin fikrincə, bu gün isə vəziyyət köklü şəkildə dəyişib. Müasir oxucu artıq vədlərlə aldanmaq istəmir, onun diqqətini nağıllardan çox həqiqət cəlb edir. Oxucu sabaha daha açıq baxır, zamanın dəyərini anlayır və həyatın real tərəflərini dərk etməyə üstünlük verir. Bu səbəbdən də onlar daha çox uğur qazanma yollarını göstərən, motivasiya verən və praktik təcrübəyə əsaslanan əsərlərə maraq göstərirlər.
Yazarın sözlərinə görə, bu dəyişikliklər ədəbiyyata da təsirsiz ötüşmür. Müasir müəlliflər artıq romantikadan daha az istifadə edir, əvəzində oxucunun tələbinə uyğun olaraq həqiqəti ön plana çıxarmağa çalışırlar.
Bununla belə, İradə Aytel vurğulayır ki, romantik duyğulara və sevginin gücünə sadiq qalan oxucular bu gün də var. Onun fikrincə, dövrlər dəyişsə də, ürəklə yazılmış, insan hisslərinin dərinliyindən doğan əsərlərə olan maraq dəyişmir. İnsan duyğularına toxunan söz və obrazlar zaman və nəsil fərqi tanımır.
Sonda yazar belə qənaətə gəlir ki, müasir və keçmiş oxucu arasında əsas fərq dünyanı qavrama tərzində və reallıqla ideallar arasındakı balansdadır. Lakin həqiqətə, hisslərə və insan ruhuna bağlılıq hər iki nəsildə eyni dərəcədə güclü olaraq qalır.

