Azərbaycan Dillər Universitetinin beynəlxalq jurnalistika tələbəsi Əhmədzadə Ebru jurnalistikanın vacib bacarıqları, media təcrübəsi və gələcək planları barədə danışıb. O, televiziya sahəsində çalışmaq və reportyor kimi aktual mövzuları izləyicilərə çatdırmaq istədiyini bildirib.
Əhmədzadə Ebru jurnalistika sahəsi, təcrübələri və gələcək hədəfləri barədə “Tehsil365”ə müsahibə verib.
– Sizcə, bu gün jurnalist olmaq üçün ən vacib bacarıqlar hansılardır?
“Məncə, jurnalist üçün ən vacib bacarıqlardan biri düzgün və obyektiv məlumat toplamaqdır. Araşdırma aparmaq və məlumatı yoxlamaq çox önəmlidir. Eyni zamanda, yaxşı ünsiyyət bacarığı və insanlarla düzgün əlaqə qurmaq da vacibdir. Müasir dövrdə sosial mediadan düzgün istifadə etmək bacarığı da ön plana çıxır. Bundan əlavə, sürətli düşünmək və operativ olmaq jurnalist üçün əsas keyfiyyətlərdəndir.”
– Hər hansı media qurumunda təcrübə keçmisinizmi? Təcrübəniz necə olub?
“Bəli, mən Baku TV Media Məktəbini bitirmişəm. Bu müddət ərzində media sahəsində praktiki biliklər əldə etmişəm. Xəbər hazırlanması, reportaj çəkilişi və müsahibə götürmə kimi proseslərdə iştirak etmişəm. Bu təcrübə mənə nəzəri biliklərimi real mühitdə tətbiq etməyə imkan verdi. Eyni zamanda media işinin məsuliyyətini və operativliyini daha yaxşı anladım. Ümumilikdə, bu təhsil və təcrübə mənim üçün çox faydalı və inkişaf etdirici oldu.”
– Özünüzü gələcəkdə hansı sahədə görürsünüz? (TV, yazılı media, araşdırma jurnalistikası və s.)
“Mən özümü gələcəkdə televiziya sahəsində görürəm. Xüsusilə reportyor kimi fəaliyyət göstərmək və aktual mövzular üzərində işləmək istəyirəm. Televiziya mühitində işləmək, canlı bağlantılar etmək və hadisələri yerindən izləyicilərə çatdırmaq mənə çox maraqlıdır. İnsanlarla ünsiyyətdə olmaq və onların hekayələrini işıqlandırmaq istəyirəm. Gələcəkdə peşəkar və tanınan televiziya jurnalisti olmaq əsas məqsədlərimdəndir.”

