Məktəblərdə ədəbiyyat fənninin tədrisi və onun şagirdlərin düşüncə və emosional inkişafına təsiri ilə bağlı tanınmış yazar Anar Vəziroğlu “Tehsil365” həmsöhbət oldu.
– Sizcə, ədəbiyyat dərsləri şagirdlərin düşüncə tərzinə necə təsir edir?
– Ədəbiyyat dərsləri şagirdin dünyanı dərk etmə formasını dəyişir. Bu fənn yalnız mətn oxumaq deyil, insanı anlamaq, hadisələrə fərqli prizmadan baxmaq bacarığı formalaşdırır. Lakin müasir təhsil sistemində ixtisaslaşmanın ön plana çıxması digər fənlərə marağın azalmasına gətirib çıxarır və bu da şagirdin çoxcəhətli düşüncə tərzinə mənfi təsir edir.
– Məktəbdə şeirin tədrisi sizə görə kifayət qədər təsirlidirmi?
– Açığını desəm, çox vaxt şeirin tədrisi formal xarakter daşıyır. Şeir hiss etmək üçündür, amma dərsdə o daha çox əzbərlənən mətnə çevrilir. Bu isə onun əsas mahiyyətini – duyğu ötürmək funksiyasını kölgədə qoyur.
– Şagirdlərdə yaradıcılıq qabiliyyətinin inkişafı üçün ədəbiyyat dərsləri necə qurulmalıdır?
– Ədəbiyyat dərsləri daha sərbəst və interaktiv qurulmalıdır. Şagirdlər yalnız oxuyan yox, həm də yazan, müzakirə edən tərəf olmalıdır. Onlara fikirlərini ifadə etmək imkanı verilməlidir. Yaradıcılıq azadlıq mühitində formalaşır, məcburiyyət altında yox.
– Sizcə, şagirdlərə klassik əsərlərlə yanaşı müasir ədəbiyyat da daha çox təqdim olunmalıdırmı?
– Bəli, mütləq. Klassik ədəbiyyat dərinlik və təməl verir, lakin müasir ədəbiyyat şagirdə öz dövrünü anlamağa kömək edir. Bu iki istiqamətin vəhdəti daha sağlam ədəbi zövq formalaşdırır.
– Məktəbdə əzbərçiliyin ədəbiyyata olan marağa təsiri necədir?
– Əzbərçilik ədəbiyyatın ruhunu öldürür. Şagird mətni anlamadan sadəcə yadda saxlayırsa, bu, onda nə maraq yaradır, nə də düşüncə inkişaf etdirir. Ədəbiyyat hiss və düşüncə tələb edir, mexaniki yaddaş yox.
– Ədəbiyyat dərsləri şagirdlərin emosional inkişafına necə təsir göstərir?
– Ədəbiyyat insanın daxilinə toxunan bir sahədir. Şagirdlər əsərlər vasitəsilə sevgi, mərhəmət, itki, sədaqət kimi hissləri yaşayır və dərk edir. Bu da onların emosional zənginliyini artırır. Ədəbiyyatsız böyüyən insan yalnız bilikli ola bilər, amma dərin hisslərdən məhrum qala bilər.

