Martın 19-da İçərişəhərdə Bakı İllüziya Muzeyinin açılış mərasimi keçirilib.
“Tehsil365” xəbər verir ki, bu məkan Azərbaycanda analoji konseptdə yaradılan ilk interaktiv əyləncə mərkəzidir.
Açılışda çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, belə innovativ məkanların yaradılması İçərişəhərin turizm potensialını daha da artırır və paytaxtın mədəni həyatına yeni rəng qatır. O qeyd edib ki, muzey həm yerli sakinlər, həm də xarici turistlər üçün fərqli və yaddaqalan təcrübə vəd edir.
Bakı İllüziya Muzeyinin direktoru Tofiq Sadıqov məlumat verib ki, kompleks üç mərtəbədən və 20-dən çox tematik otaqdan ibarətdir. Onun sözlərinə görə, ekspozisiyada “Ames”, “Sonsuzluq”, “Güzgü labirinti”, “Vortex tuneli”, müxtəlif 3D illüziyalar və effektlərlə zəngin guşələr yer alır. Hər bir otaq insan qavrayışını sınağa çəkən və beyni “aldadan” xüsusi vizual effektlərlə hazırlanıb.
Daha sonra qonaqlar muzeyin ekspozisiyası ilə tanış olublar.
Qeyd edək ki, Bakı İllüziya Muzeyi hər gün saat 10:00-dan 20:00-dək ziyarətçilərin ixtiyarındadır. Ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə burada Azərbaycan, rus və ingilisdilli peşəkar bələdçilər xidmət göstərir. Unikal foto və video çəkiliş imkanları ilə seçilən muzey həm ailəvi istirahət, həm də gənclərin asudə vaxtının səmərəli təşkili üçün ideal məkandır.

