Xalqımızın əziz bayramlarından olan Novruz Balakən rayonunda da böyük coşqu ilə qeyd edilib. Balakənlilər baharın gəlişini sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayıblar.
“Tehsil365" xəbər verir ki, Novruzun gəlişini tərənnüm edən atributlarla bəzədilmiş məkanda təşkil olunan mərasimdə ulu babalarımızdan bizə yadigar qalan qədim el sənətləri nümayiş etdirilib. Eyni zamanda, bayramın bolluq və bərəkət rəmzi olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəyib.
Alovlandırılan möhtəşəm Novruz tonqalı sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb. Daha sonra qazilərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. O, hər bir ailəyə ruzi-bərəkət və sevinc arzulayaraq, rayonun sosial-iqtisadi və mədəni həyatında əldə olunan uğurları qeyd edib. Bildirib ki, qarşıdakı dövrdə də sosial-iqtisadi inkişaf davam edəcək, tikinti, abadlıq və quruculuq işləri genişləndiriləcək.
İncəsənət ustalarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizi əks etdirən mahnı və rəqslərdən ibarət rəngarəng konsert proqramı iştirakçılarda xoş ovqat yaradıb.
Novruzun əsas personajları olan Bahar qızı, Kosa və Keçəl maraqlı çıxışları ilə şənliyə xüsusi rəng qatıb. Milli geyimdə olan qızlar yallı ifa ediblər. Bakıdan dəvət olunmuş incəsənət ustalarının çıxışları da sakinlər tərəfindən rəğbətlə qarşılanıb.
Rayon sakinləri ölkədə hökm sürən əmin-amanlığa və firavan həyata görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə edib, respublikanın inkişafı və xalqımızın xoşbəxt gələcəyi naminə gördüyü işlərdə ona uğurlar arzulayıblar.

