Bu gün Azərbaycan ədəbiyyatının və teatr sənətinin görkəmli nümayəndəsi Cəfər Cabbarlının anadan olmasından 127 il ötür.
“Tehsil365” xəbər verir ki, Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Quba qəzasının Xızı qəsəbəsində anadan olub. O, Azərbaycan dramaturgiyasının inkişafında mühüm rol oynamış, dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor və rejissor kimi çoxşaxəli fəaliyyət göstərmişdir.
Cəfər Cabbarlı Azərbaycan milli teatrının formalaşmasında və inkişafında xüsusi xidmətləri ilə tanınır. Onun qələmə aldığı əsərlər cəmiyyətin sosial problemlərini, insan azadlığı və milli düşüncə kimi mövzuları əks etdirmişdir. Dramaturqun yaradıcılığı Azərbaycan teatr səhnəsində yeni mərhələnin başlanğıcı hesab olunur.
Ədəbiyyat və teatr sahəsində göstərdiyi xidmətlərə görə Cəfər Cabbarlıya 1933-cü ildə “Azərbaycan SSR əməkdar incəsənət xadimi” fəxri adı verilmişdir.
Görkəmli dramaturq 1934-cü il dekabrın 31-də Bakıda vəfat etmişdir. Cəfər Cabbarlının zəngin ədəbi irsi bu gün də Azərbaycan mədəniyyətinin mühüm hissəsi kimi yaşayır və yeni nəsillər üçün dəyərli yaradıcılıq nümunəsi hesab olunur.

