ABŞ-ın Texas ştatında yerləşən Corpus Christi şəhərində maraqlı təhsil uğuru qeydə alınıb.
“Tehsil365” xəbər verir ki, Windsor Park Elementary School məktəbinin ibtidai sinif şagirdlərindən biri qısa müddətdə bir milyondan çox söz oxuyaraq yüksək nəticə əldə edib.
Məktəbdə tətbiq olunan “Milyonerlər Klubu” adlı təşəbbüs şagirdləri daha çox kitab oxumağa təşviq edir. Bu kluba daxil olmaq üçün uşaqların oxuduqları mətnlər üzrə ümumilikdə bir milyon söz həddini keçməsi tələb olunur. Layihə həm oxu bacarıqlarını inkişaf etdirmək, həm də uşaqlarda kitaba marağı artırmaq məqsədi daşıyır.
Məktəb rəhbərliyi bildirir ki, bu cür təşəbbüslər şagirdlər arasında sağlam rəqabət mühiti yaradır və onların təhsil göstəricilərinə müsbət təsir edir. Valideynlər də proqramı yüksək qiymətləndirərək uşaqların daha çox vaxtını kitab oxumağa ayırdığını qeyd edirlər.
Qeyd edək ki, “Milyonerlər Klubu” kimi təşəbbüslər ABŞ-da bir çox məktəblərdə tətbiq olunur və erkən yaşdan oxu vərdişlərinin formalaşdırılmasında mühüm rol oynayır.

