“Orada metodologiya şagirdlərin tədris prosesində daha aktiv iştirakına yönəlib. Şagirdlər kollektiv işə üstünlük verirlər, müxtəlif layihələri birgə həyata keçirirlər. Eyni zamanda biliklər praktik məlumatlarla və daha sadə üsullarla izah olunur,” – deyə Süleymanov vurğulayıb.
Təhsil eksperti Elçin Süleymanov “Tehsil365”ə verdiyi açıqlamada bildirib ki, dünyanın müxtəlif ölkələrində fərqli tədris metodları tətbiq olunsa da, ən qabaqcıl metodologiyalar əsasən Finlandiya və bir sıra Avropa ölkələrində formalaşıb.
Ekspert əlavə edib ki, Avropa və Amerika ölkələrinin bir çoxunda şagirdlər ev tapşırıqlarını məktəbdə həll edirlər: “Tədris prosesi bitdikdən sonra onlar bir neçə saat məktəbdə qalırlar. Qidalanmaları məktəb tərəfindən təmin olunur və tapşırıqları da məktəbdə həll edib daha sonra evə gedirlər. Bu, həm şagirdlərin yükünü azaldır, həm də müəllimlərin nəzarəti altında daha səmərəli öyrənməyə imkan yaradır.”
Elçin Süleymanov hesab edir ki, müxtəlif interaktiv üsullardan istifadə etməklə tədris metodikasını daha cazibədar etmək mümkündür: “Şagirdlərin bilik və bacarıqlarına uyğun olaraq qruplaşdırılması və qrup işinə üstünlük verilməsi onların həm sosial, həm də intellektual inkişafına müsbət təsir göstərir. Dünyada hazırda ən qabaqcıl təhsil metodikası əzbərçiliyə deyil, praktik və faydalı materialların daha bəsit şəkildə təqdim olunmasına əsaslanır.”

