Onun sözlərinə görə, dərsliklərdə mövzular daha çox səthi şəkildə təqdim olunur və əsasən mətn üzərində işlə bağlı çalışmalara üstünlük verilir.
Təhsil eksperti Elçin Murad “Tehsil365“ə verdiyi açıqlamada bildirib ki, universitetə qəbul imtahanlarında verilən suallarla orta məktəb dərsliklərindəki məlumatlar arasında ciddi fərq var.
“Sadəcə orta məktəb dərsliklərinə istinad edildiyi zaman mütləq şəkildə müəllim izahına ehtiyac yaranır. Çünki ordakı məlumatları oxumaqla mövzunun dərinliyinə varmaq olmur. Kurs kitablarında və ya Dövlət İmtahan Mərkəzinin vəsaitlərində mövzular daha geniş izah olunur və abituriyentlər onları dərk edərək oxuduqda mövzunu öyrənə bilirlər,” – deyə Murad bildirib.
Ekspert əlavə edib ki, bu vəziyyət valideynlər üçün əlavə maddi yük yaradır: “Abituriyentlər çox vaxt kurs kitablarına və DİM-in vəsaitlərinə üstünlük verirlər. Bu isə valideynlərin üzərinə əlavə xərclər qoyur. Halbuki orta məktəb dərslikləri daha dərindən hazırlanmış olsaydı, abituriyentlər əlavə materiallara bu qədər ehtiyac duymayacaqdılar.”

