Ukraynada müharibə şəraitinə baxmayaraq burada yaşayan azərbaycanlılar öz tarixi ənənəsinə sahib çıxaraq Novruz bayramının təbliğini həyata keçirirlər.
“Tehsil365" xəbər verir ki, Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Kiyev şəhər Dövlət Administrasiyası, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun birgə dəstəyi ilə Kiyevdə “Novruz” Multikultural Sənət Festivalı keçirilib.
Festivalda Azərbaycanın zəngin mədəni irsi, ənənəvi musiqisi, rəqsləri və milli geyimləri nümayiş etdirilib. Eyni zamanda, müxtəlif xalqların musiqi və rəqs qrupları çıxış edib. Tədbir multikulturalizmin və fərqli mədəniyyətlərin bir-birinə yaxınlaşmasının vacibliyini bir daha vurğulayıb.
Ukraynanın Xalq artisti Qurban Abbasov və ukraynalı müğənni Natalya Kudyaşova tədbirdə çıxış edərək, Novruz bayramının tarixi və əhəmiyyəti barədə geniş məlumat veriblər. Çıxışlarda vurğulanıb ki, Novruz təkcə bir bayram deyil, həm də müxtəlif mədəniyyətlərin birləşdiyi bir məkandır. Belə tədbirlər Azərbaycan və Ukrayna xalqlarının həmrəyliyini, dostluğunu bir daha nümayiş etdirərək, xalqlar arasında qarşılıqlı anlaşma və əməkdaşlığın möhkəmləndirilməsinə böyük töhfə verir. Ukraynada Novruz bayramı artıq illərdir ki, geniş şəkildə qeyd edilir və hər il müxtəlif millətlərin nümayəndələrini bir araya gətirərək, onların birgə bayram təntənəsi təşkil olunur. Novruz festivalında Azərbaycanın zəngin mədəniyyəti, adət-ənənələri və xüsusilə tolerantlıq prinsipləri təbliğ olunur. Hər kəsin öz mədəniyyətini sərbəst və hörmətlə nümayiş etdirə bildiyi bu tədbir müxtəlif xalqlar arasında dostluq və qarşılıqlı hörmətin güclənməsinə böyük təsir göstərir.
Ukraynanın hər yerindən 17 millət və etnik qrupun nümayəndələri ən vacib bayramını qeyd etmək üçün toplaşıblar. Azərbaycanlılar, afrikalılar, qazaxlar, polyaklar, almanlar, havaylılar, gürcülər, ərəblər, hindlilər, qaraçılar, qırğızlar, taciklər, özbəklər və digər xalqlar milli mahnılar, rəqslər ifa ediblər, tətbiqi və təsviri sənətlərini nümayiş etdiriblər.
Onlara Ukraynada teatr, vokal, xoreoqrafiya, instrumental, təsviri və sirk sənəti sahələrində ən yaxşı yaradıcı qruplar qoşulub.
Sonra iştirakçılar Azərbaycanın milli geyimləri və atributları ilə bəzədilən stendlə tanış olublar.

