Çinin nüfuzlu Sinxua Xəbər Agentliyinin əməkdaşları Zhong Zhong və Chen Junfeng Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) onlayn televiziya platforması ADAU TV-nin studiyasında olublar.
“Tehsil365" xəbər verir ki, görüş çərçivəsində qonaqlar ADAU TV-nin fəaliyyət istiqamətləri, texniki imkanları və həyata keçirilən media layihələri ilə yaxından tanış olublar. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elcan Məmmədov qonaqlara son dövrlərdə görülən işlər, tələbələrin media sahəsində inkişafına yönəlmiş təşəbbüslər, həmçinin universitetin informasiya siyasəti barədə ətraflı məlumat verib.
Bildirilib ki, ADAU TV tələbələrin praktik bilik və bacarıqlarının artırılmasına xidmət edən müasir platforma olmaqla yanaşı, universitetin elmi, tədris və ictimai fəaliyyətinin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Eyni zamanda, burada hazırlanan proqramlar gənclərin jurnalistika və kommunikasiya sahəsində peşəkar inkişafına real töhfə verir.
Sinxua nümayəndələri ADAU-da media sahəsində yaradılan imkanları yüksək qiymətləndirərək, xüsusilə tələbə yönümlü təşəbbüslərin əhəmiyyətini vurğulayıblar. Onlar belə platformaların beynəlxalq informasiya mühitinə inteqrasiya baxımından vacib rol oynadığını qeyd ediblər.
Görüş zamanı tərəflər arasında gələcək əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və birgə media layihələrinin həyata keçirilməsi perspektivləri də müzakirə olunub. Bildirilib ki, bu cür qarşılıqlı səfərlər universitetlər və beynəlxalq media qurumları arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır.
Qeyd edək ki, Sinxua Xəbər Agentliyi dünyanın ən nüfuzlu və ən böyük dövlət xəbər agentliklərindən biri hesab olunur. Agentlik 1931-ci ildə yaradılıb və baş qərargahı Pekin şəhərində yerləşir. Sinxuanın dünyanın 170-dən çox ölkəsində büroları fəaliyyət göstərir və xəbərlərini bir neçə dildə yayımlayır. Agentlik qlobal informasiya məkanında operativliyi, geniş şəbəkəsi və rəsmi məlumat mənbəyi kimi etibarlılığı ilə seçilir.

