"AI Azerbaijan" Süni İntellekt Olimpiadasının seçim mərhələsinin yekunlarına əsasən finala vəsiqə qazanan iştirakçılar müəyyənləşib.
“Tehsil365“ xəbər verir ki, Global Olympiad Center tərəfindən təşkil olunan olimpiada 14 mart 2026-cı il tarixində Bakı, Gəncə, Sumqayıt, Lənkəran və Naxçıvan şəhərlərində keçirilib. Yarışma süni intellekt sahəsinə maraq göstərən şagirdlər üçün ölkə üzrə seçim mərhələsi kimi təşkil olunub.
Olimpiada iki kateqoriya üzrə həyata keçirilib: 5–8-ci sinif şagirdləri Junior Division, 9–11-ci sinif şagirdləri isə Senior Division kateqoriyasında iştirak ediblər. Seçim turunda iştirakçılar riyaziyyat və məntiq üzrə sualları cavablandırıblar. Final mərhələsində isə şagirdlər süni intellekt sahəsinə aid nəzəri və praktik tapşırıqları yerinə yetirəcək, analitik düşüncə, problem həlletmə və texnoloji savadlılıq bacarıqları yoxlanılacaq.
Seçim turunda əldə edilən yekun nəticələrə görə, Junior kateqoriyasında 68 və daha yüksək, Senior kateqoriyasında isə 64 və daha yüksək bal toplayan şagirdlər final mərhələsində iştirak hüququ qazanıblar.
Final mərhələsində ən yüksək nəticə göstərmiş 8 şagird Əbu-Dabidə keçiriləcək Beynəlxalq Süni İntellekt Olimpiadasında (IOAI) Azərbaycanı təmsil etmək hüququ qazanacaq.
Qeyd edək ki, AI Azerbaijan Süni İntellekt Olimpiadası iştirakçılar üçün ödənişsiz əsasda təşkil edilib. Layihə ölkədə gənclər arasında müasir texnologiyalara marağın artırılması siyasətinə uyğun olaraq icra olunub. Olimpiadanın əsas məqsədi süni intellekt sahəsində biliklərin təşviqi, istedadlı şagirdlərin aşkarlanması və onların beynəlxalq platformalara çıxış imkanlarının genişləndirilməsindən ibarətdir.

