49 nömrəli “İntellekt” məktəb-liseydə Novruz çərşənbələri təmtəraqla qeyd olunub.
Novruz xalqımızın milli kimliyini, adət-ənənələrini və mənəvi dəyərlərini yaşadan ən əziz bayramlardan biridir. Novruz baharın gəlişini, təbiətin oyanışını və yeni ilin başlanmasını simvolizə edir. Hər il mart ayının 20-nə təsadüf edən bu bayram gecə ilə gündüzün bərabərləşdiyi ana yazın ilk gününə təsadüf edir.
Qədim tarixə malik olan bu bayram bizə həmçinin təbiətlə harmoniyada yaşamağı, birlik və mehribanlıq içində olmağı öyrədir. İnsanlar bayram ərəfəsində evlərini təmizləyir, küsülülər barışır, ehtiyacı olanlara yardım edilir. Bu isə cəmiyyətimizdə sevgi, mərhəmət və paylaşma hisslərini gücləndirir.
Novruzdan əvvəlki dörd həftə xalq arasında xüsusi əhəmiyyət daşıyan çərşənbələrlə qeyd olunur. Bu çərşənbələr təbiətin dörd ünsürünü təmsil edir: su, od, yel və torpağı. Bakı şəhəri 49 nömrəli “İntellekt” məktəb-liseydə təşkil edilən bayram tədbirlərində hər çərşənbənin özünəməxsus adət-ənənələrinin təcəssüm etdirilməsi xüsusi maraqla qarşılandı
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elza Bağırzadə bu tədbirlərin keçirilməsində əsas məqsədin şagirdlərə milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi qoruyub yaşatmaq və gələcək nəsillərə ötürmək olduğunu qeyd etdi. O, Novruz bayramının tarixindən, müxtəlif dövrlərdə ona olan fərqli münasibətdən, hal-hazırda isə dövlət səviyyəsində milli bayram kimi qeyd olunmasından danışaraq təşkilatçılara uğurlar arzuladı.
İlk çərşənbə ənənəvi olaraq suya həsr olunur. Məktəbdə Su çərşənbəsi münasibətilə təşkil olunan ilk tədbirdə şagirdlər Novruz ənənələrini əks etdirən maraqlı çıxışlar etdilər. Qarmonda “Səməni” havası ifa olundu, müxtəlif milli rəqslər nümayiş etdirildi. Həmçinin xalqımızın zəngin folklor nümunələri olan bayatılar və haxıştalar səsləndirildi.
Od çərşənbəsində tonqallar qalayaraq onların üzərindən atlanmaq ənənəsi köhnə ilin ağrı-acılarından qurtulmaq, yeni ilə təmiz niyyətlə başlamaq istəyindən irəli gəlir. Od çərşənbəsi də məktəb-liseydə böyük coşqu ilə qeyd olundu. Tədbirdə şagirdlər Od çərşənbəsinin tarixi və xalqımız üçün əhəmiyyəti haqqında məlumat verdilər. Müxtəlif səhnəciklər nümayiş olundu. Keçəl və Kosa obrazlarının dialoqu tədbirə xüsusi rəng qatdı.
Tədbir çərçivəsində ağbirçək nənələrimizin iştirakı ilə şəkərbura master-klası təşkil olundu. Nənələrimiz şəkərburanın hazırlanma qaydalarını: xəmirin yoğrulmasından içliyin hazırlanmasına, üzərinə vurulan incə naxışların sirlərinə qədər şagirdlərə nümayiş etdirdilər. Həmçinin milli mətbəximizin əvəzsiz nemətləri olan plov və balıq balaca aşbazlar tərəfindən təqdim edildi.
Sayca üçüncü olan Yel çərşənbəsi isə təbiətin canlanmasına bir işarə sayılır. Yel çərşənbəsinə həsr olunmuş tədbir də maraqlı proqramla keçirildi. Tədbirdə ustad Şəhriyarın “Heydər babaya salam” poemasından Novruz bayramına həsr olunan lirik parçalar səsləndirildi. Şagirdlərin ifasında bayram əhvali-ruhiyyəli mahnılar oxundu, şeirlər söylənildi. Tədbirə dəvət olunan muğam üçlüyü canlı ifaları ilə bayram tədbirinə xüsusi ab-hava bəxş etdi.
İlaxır çərşənbə də adlanan Torpaq çərşənbəsi isə bolluq , bərəkət simvoludur. Məhz Torpaq çərşənbəsi münasibətilə məktəb-liseydə xüsusi bayram konserti keçirildi. Həmin tədbir canlarını torpaq uğrunda fəda etmiş Şəhid övladlarına həsr olundu. Tədbirdə şəhid ailə üzvləri və şəhidlərimizin yadigarları iştirak etdilər. Bayram proqramı çərçivəsində III sinif şagirdlərinin hazırladığı konsert proqramı təqdim olundu. Yuxarı sinif şagirdləri tərəfindən türkdilli xalqların ortaq Novruz ənənələri, çərşənbələrin yaranma tarixi və mahiyyəti haqqında təqdimatlar səsləndirildi. Həmçinin şagirdlər Novruz simvollarını əks etdirən geyimlərlə səhnəyə çıxaraq mahnılar və milli rəqslər ifa etdilər.
Məktəbin təşkilati işlər üzrə direktor müavini Sevinc Əhmədoğlu Torpaq çərşənbəsinin məhz Şəhid övladlarına həsr olunmasının xüsusi məna kəsb etdiyini vurğuladı: “Babalarımızdan bizə miras qalmış müqəddəs torpaqlarımız məhz şəhidlərin, qazilərin qanı, canı bahasına işğaldan azad olundu və sanki bu torpaqlar bizim üçün daha da müqəddəsləşdi”.

