Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələr üçün Novruz bayramı münasibətilə silsilə tədbirlər təşkil edilib.
“Tehsil365” xəbər verir ki, Azərbaycanın Böyük Britaniyadakı səfirliyi tərəfindən London başda olmaqla ölkənin müxtəlif şəhərlərində keçirilən şənliklərdə yüzlərlə tələbə və diaspor nümayəndəsi iştirak edib. Tədbirlərdə milli adət-ənənələr, Novruz atributları və Azərbaycan mətbəxinə aid nümunələr təqdim olunub.
Bayram proqramı çərçivəsində musiqi çıxışları, milli rəqslər və müxtəlif mədəni tədbirlər təşkil edilib. İştirakçılar Novruzun əsas dəyərləri olan birlik, yenilənmə və həmrəylik ruhunu birlikdə yaşayıblar.
Səfirlik nümayəndələri çıxışlarında xaricdə yaşayan azərbaycanlı gənclərin milli kimliyinin qorunmasının və mədəniyyətin təbliğinin əhəmiyyətini vurğulayıblar.
Qeyd edək ki, bu cür tədbirlər xaricdə yaşayan azərbaycanlıların bir araya gəlməsi və milli dəyərlərin yaşadılması baxımından xüsusi önəm daşıyır.

