Onun sözlərinə görə, halüsinasiyalar real olmayan şeyləri görmək, eşitmək və hiss etmək deməkdir və bu, ciddi psixi pozuntuların əlaməti kimi ortaya çıxa bilər.
Psixoloq Nabat Mirzəyeva "Tehsil365"ə verdiyi açıqlamasında bildirib ki, həddindən artıq halüsinasiyalar psixoloji və psixiatrik problemlərə işarə edə bilər və bu hallar mütləq şəkildə qiymətləndirilməlidir.
Mirzəyeva qeyd edib ki, “bəzi psixi xəstəliklərdə, xüsusilə ağır depressiyalarda, travma sonrası stress pozuntusunda və yüksək narahatlıq hallarında bu vəziyyətlər müşahidə olunur. Eyni zamanda yuxusuzluq, güclü stress, bəzi dərmanların təsiri və nevroloji problemlər də halüsinasiyalara səbəb ola bilər.”
Onun sözlərinə görə, vacib məqamlardan biri bu halların nə qədər davam etdiyini və insanın həyatına necə təsir göstərdiyini izləməkdir. “Əgər halüsinasiyalar tez-tez təkrarlanırsa, insanı qorxudur və davranışlarına təsir edirsə, bu artıq sadə bir hal deyil və mütləq mütəxəssisə müraciət edilməlidir,” – deyə psixoloq vurğulayıb.
Nabat Mirzəyeva əlavə edib ki, erkən mərhələdə düzgün diaqnoz və dəstək problemin daha da ağırlaşmasının qarşısını ala bilər. O bildirib ki, “bu cür simptomlar gizlədilməməlidir, əgər həftələrlə, aylarla davam edirsə, keçər deyilməməlidir. Çünki bu, peşəkar yanaşma tələb edən bir vəziyyətdir.”
Psixoloqun fikrincə, halüsinasiyaların vaxtında dəyərləndirilməsi həm insanın psixoloji sağlamlığının qorunmasına, həm də gündəlik həyat keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir. O vurğulayıb ki, “psixoloq və psixiatrlə görüşmək çox vacibdir, çünki erkən müdaxilə problemlərin qarşısını almağa imkan verir.”

