Gil, su və ustanın zəhməti... Sadə elementlərin birləşməsindən yaranan möhtəşəm sənət əsərləri. 2019-cu ildən fəaliyyət göstərən Nardaran ABAD Keramika və Tətbiqi Sənət Mərkəzində milli ənənələrin qorunması və yaşadılması uğurla davam etdirilir. "ABAD"ın yaratdığı şərait sayəsində əsasən yerli sakinlərdən ibarət komanda həm yerli, həm də xarici bazarlar üçün yüksək keyfiyyətli məhsullar hazırlayır.
“Tehsil365” in müxbirləri mərkəzdə olaraq, "ABAD"ın əməkdaşların həyatında yaratdığı müsbət dəyişiklikləri və iş prosesini yerindəcə müşahidə ediblər. 2018-ci ildən “ABAD”da layihə meneceri olaraq fəaliyyət göstərən Fərrux Bağırov turistlərin və yerli vətəndaşların mərkəzin məhsullarına böyük maraq göstərdiyini bildirib: “Məhsullarımız həm məişətdə, həm də dekorativ məqsədlərlə istifadə olunur. Müxtəlif sifarişlər, o cümlədən yarışlar üçün kuboklar hazırlayırıq. Hazır məhsullar “ABAD”ın mərkəzi anbarına təhvil verilir və çeşidlənərək satış nöqtələrinə göndərilir. Xüsusi layihələrimizdən biri Cəbrayıl rayonunun Horovlu kəndində istifadə olunan qapı nümunələridir. Dekorativ vazlarımız isə bulaq ətraflarını bəzəyir. Nardarandan bütün Azərbaycana, o cümlədən Qarabağa töhfəmiz var. İstehsalımız tam dünya standartlarına cavab verir və xaricdən, xüsusilə xırda dekorativ məhsullar və fincanlara sifarişlər alırıq. Azərbaycanın qədim keramika ənənəsini yaşadıb, gələcək nəsillərə çatdırmaq istəyirik”.
Mərkəzdə çalışan ustalar üçün "ABAD" həm də yeni bir peşəyə yiyələnmək şansı olub. Aqil Əliyev keramika sənətini mərkəzdə öyrəndiyini bildirib: “2019-cu ildə bura gəldim və keramika sənətini burada öyrəndim. “ABAD” mənə bu şansı yaratdı. Gillə işləməyi, modellərin yonulması və qəlibdən çıxarılması sirlərini yiyələndim. Gillə incə davranmaq lazımdır; işin çətinliyindən asılı olaraq bir qab 10 dəqiqəyə və ya 5 saata hazır ola bilər”.
Mərkəzdə fəaliyyət göstərən Sadiq Xəlilov deyir: “Yeddi ilə yaxındır buradayam. Uşaqlıqdan sənətə marağım olub, kibrit çöplərindən ev maketləri hazırlayırdım. “ABAD”la tanışlığım mənim üçün yeni bir yol açdı, bu sahədə özümü xoşbəxt hiss edirəm”.
Zeynəb Mikayılzadə isə bildirib: “Mərkəz açılanda maraq üçün gəldim, əl işlərimi bəyənib işə qəbul etdilər. Uşaqlıqdan rəsmə marağım var idi, burada isə keramika ilə dərindən tanış oldum. “ABAD” sayəsində hər şeyi sıfırdan öyrəndik və işimizi həvəslə görürük”.
Hazırda mərkəzdə 9 nəfər çalışır. Onlar modelin hazırlanmasından tutmuş, bişirilmə və rənglənməyə qədər bütün prosesdə iştirak edirlər. Nardaran ABAD Keramika Mərkəzində hazırlanan hər bir nümunə, qədim ənənələrin yaşadılması və gələcəyə ötürülməsi missiyasını daşıyır.

