Beynəlxalq tədqiqatçılar qrupu İndoneziyanın Sulavesi adasında ən qədim qayaüstü rəsm nümunəsini - təxminən 67.8 min il yaşı olan əl izini aşkar ediblər.
“Tehsil365“ xəbər verir ki, bu barədə "Science Daily" nəşri məlumat yayıb.
Məlumata görə, əl izi şəklində unikal rəsm Sulavesi adasındakı mağarada tapılıb. Alimlərin fikrincə, nümunə əvvəllər məlum olan tapıntılardan minlərlə il qədimdir.
Yaşın müəyyən edilməsi üçün tədqiqatçılar təsvirin üstündə və altında formalaşmış mineral təbəqələri təhlil edərək rəsmin yaradılma dövrünü dəqiq müəyyənləşdiriblər.
Qeyd olunur ki, təsvir yaradıldıqdan sonra qismən dəyişdirilib: barmaq xətləri daraldılıb, bunun nəticəsində əl izi caynağı xatırladan forma alıb. Alimlər belə dəyişikliklərin simvolik məna daşıya biləcəyini hesab edirlər. Tədqiqatçıların fikrincə, tapıntı qədim insanlarda simvolik düşüncənin və mənəvi təsəvvürlərin erkən inkişafına işarə edir.
Həmçinin aşkarlanan unikal tapıntı müasir insanların əcdadlarının Avstraliya və Yeni Qvineya regionuna azı 65 min il əvvəl çatdığı fərziyyəsini təsdiqləyir.
Mütəxəssislər vurğulayırlar ki, bu kəşf insanın erkən bədii fəaliyyətini daha yaxşı anlamağa kömək edir və incəsənətin əvvəllər güman edildiyindən xeyli tez yarandığını təsdiqləyir.

