Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyi zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz olunub.
“Tehsil365" xəbər verir ki, bu barədə jurnalistlərə Prezidentin izi ilə rayona təşkil edilən mediatur çərçivəsində məlumat verilib.
Bildirilib ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.
Diqqətə çatdırılıb ki, üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.
Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb.
Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində inşa olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev martın 23-də Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.

