Uşağın erkən yaş dövrü onun gələcək şəxsiyyətinin formalaşmasında mühüm rol oynayır. Xüsusilə məktəbəqədər təhsil müəssisələrində tətbiq olunan metodlar uşaqlarda özünə inamın yaranmasına və inkişafına birbaşa təsir göstərir.
Mövzu ilə bağlı məktəbəqədər təhsil üzrə ekspert Töhfə Mustafayeva “Tehsil365"ə açıqlama verib.
Ekspertin sözlərinə görə, uşaqlarda özünə inamın formalaşması üçün ilk növbədə dəstəkləyici və təhlükəsiz mühit yaradılmalıdır: “Uşaq özünü rahat və qəbul olunmuş hiss etdikdə, o daha sərbəst davranır və öz bacarıqlarını nümayiş etdirməkdən çəkinmir.”
Mütəxəssis qeyd edib ki, müsbət motivasiya və təşviq bu prosesdə mühüm rol oynayır: “Uşaqların kiçik uğurlarının belə qiymətləndirilməsi onların özünə inamını artırır və yeni fəaliyyətlərə maraq yaradır.”
Ekspert əlavə edib ki, oyun əsaslı təlim metodları da effektiv nəticə verir: “Oyunlar vasitəsilə uşaqlar həm sosial bacarıqlarını inkişaf etdirir, həm də özlərini ifadə etməyi öyrənirlər. Bu isə onların özünə güvən hissini gücləndirir.”
Onun sözlərinə görə, uşaqlara seçim imkanı verilməsi də vacibdir: “Sadə qərarların verilməsində uşağın fikrinin nəzərə alınması onun özünü dəyərli hiss etməsinə və müstəqillik hissinin formalaşmasına kömək edir.”
Ekspert vurğulayıb ki, tənqiddən düzgün istifadə olunmalıdır: “Uşaqları sərt şəkildə tənqid etmək əvəzinə, onları düzgün istiqamətləndirmək və səhvlərini izah etmək daha effektivdir.”
Sonda mütəxəssis bildirib ki, bağçada tətbiq olunan bu yanaşmalar uşaqların gələcəkdə daha inamlı, sosial və müstəqil fərd kimi formalaşmasına zəmin yaradır.

