Onun sözlərinə görə, bəzi peşələr tamamilə sıradan çıxacaq, bəzilərinə isə müəyyən qədər təsir göstərəcək. “Ümumiyyətlə süni intellekt hər hansısa sahəyə təsir etməyəcək demək olmaz. Çünki bəzi sahələr var ki, ciddi şəkildə təsiri qaçılmazdır,” – deyə Nurəliyev vurğulayıb.
Təhsil eksperti Ramin Nurəliyev “Tehsil365”ə açıqlamasında bildirib ki, süni intellektin gələcəkdə təsir etməyəcəyi heç bir sahə olmayacaq.
Ekspert qeyd edib ki, artıq gündəlik həyatda belə süni intellektin təsiri görünür. “Biz düşünürdük ki, ofisiantlıq və mağazada satıcılıq kimi peşələrə süni intellekt təsir edə bilməz. Amma hazırda mağazalarda elə sistemlər qurulub ki, müştəri məhsulu xüsusi qutudan keçirir, sistem onu yoxlayır, ödənişi edir və sonra məhsulu götürür. Bu, satıcının əvəz olunması deməkdir,” – deyə o əlavə edib.
Nurəliyev hesab edir ki, süni intellektin ən böyük təsir göstərəcəyi sahə təhsil olacaq. Onun sözlərinə görə, “xüsusilə repetitorluq sahəsində süni intellektin təsiri qaçılmazdır. Artıq dəqiq fənlər üzrə proqramlar hazırlanır ki, şagirdlər müəllim yanına getmədən süni intellekt vasitəsilə ali təhsil müəssisələrinə hazırlaşa bilsinlər.”
Ekspert əlavə edib ki, bəzi inkişaf etmiş ölkələrdə bu model artıq tətbiq olunur. “Məsələn, Yaponiyada və Türkiyədə xüsusi robotlar hazırlanıb. Onlara süni intellekt proqramları yüklənir və həmin robotlar sinifə girib dərsi keçir, sualları cavablandırır. ChatGPT kimi proqramlarla verilən suallara cavab almaq mümkündürsə, demək ki, süni intellektin bir çox sahələrə nüfuz etməsi də mümkündür,” – deyə Nurəliyev bildirib.
Onun fikrincə, süni intellekt yalnız texnologiya sahəsində deyil, həm də sosial və humanitar sahələrdə ciddi dəyişikliklərə səbəb olacaq. “Əgər mağazada satıcı əvəz olunursa, demək ki, müəllim, repetitor, hətta bəzi inzibati işçilər də müəyyən qədər süni intellektlə əvəz oluna bilər. Bu proses qaçılmazdır və gələcəkdə bütün peşələrə təsir edəcək,” – deyə ekspert vurğulayıb.

