Azərbaycanın Fransadakı səfirliyinin və Avropa Şurası yanında daimi nümayəndəliyinin dəstəyi ilə Strasburq Universitetində ALİM elmi assosiasiyasının “Təhsil elçiləri: Fransada Azərbaycan tələbələri” mövzusuna həsr olunmuş illik yığıncağı keçirilib.
“Tehsil365“ xəbər verir ki, tədbirin məqsədi Fransada təhsil almış və hazırda təhsil alan azərbaycanlı tələbə və doktorantların Azərbaycanın akademik və elmi inkişafındakı rolunu, eləcə də Azərbaycan-Fransa universitetlərarası əməkdaşlığının strateji əhəmiyyətini vurğulamaq olub.
Məzunlar, hazırkı tələbələr, elmi və akademik dairələrin nümayəndələri bir araya gələrək ali təhsilin beynəlmiləlləşdirilməsi, iki ölkə arasında akademik əməkdaşlığın hazırkı mərhələsi və perspektivləri barədə fikir mübadiləsi aparıblar.
Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi səfir Fəxrəddin İsmayılov və fəxri qonaq, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi Lətif Hüseynov çıxış edərək, Azərbaycan-Fransa akademik əməkdaşlığının strateji əhəmiyyəti, xaricdə təhsil proqramlarının yeni mütəxəssis nəslinin formalaşmasındakı rolu və Fransada təhsil almış azərbaycanlı tələbələrin insan kapitalının inkişafına verdiyi töhfələrdən danışıblar. Çıxışlarda Azərbaycanın müstəqillikdən sonrakı dövrdə xaricdə təhsil siyasətinin tarixi inkişafına toxunulub, mühacirət dövründəki ilk dalğadan sonra 1970-ci illərdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Sovet İttifaqının aparıcı universitetlərinə göndərilən gənclər, eləcə də 2007-ci ildən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət proqramı çərçivəsində formalaşan yeni təhsil dalğası barədə danışılıb. Bu proqramların əsas məqsədinin xaricdə əldə edilən bilik və bacarıqların Azərbaycanda tətbiqi və ölkənin inkişafına yönəldilməsi olduğu qeyd edilib. Hazırda Fransada 1100-dən artıq azərbaycanlı tələbənin təhsil aldığı vurğulanaraq, onları təhsil elçiləri kimi Azərbaycanın səsini yaşadıqları cəmiyyətlərə çatdırmağa çağırıblar. Fransada və ümumilikdə istənilən cəmiyyətdə Azərbaycan haqqında həqiqətlərin tələbə və tədqiqatçıların dili ilə çatdırılmasının daha təsirli olduğu bildirilib, tələbələri ölkəmizin güclü təmsilçiləri kimi elmi, mədəni və ictimai təşəbbüslərdə fəal iştiraka dəvət ediblər.
“Xaricdə təhsil siyasətinə baxış və məzunların təcrübələri” adlı ilk paneldə Strasburq Universitetinin Siyasi elmlər və hüquq üzrə məzunu və Milli İdarəetmə Akademiyası (ENA) məzunu Azər Məhərrəmli 1990-cı illərdə azərbaycanlı tələbələrin xaricə göndərilməsi üzrə ilk təşəbbüslərdən, həmin dövrün tarixi və institusional kontekstindən, həmçinin Fransada əldə olunan akademik təcrübənin yaratdığı imkanlardan və çətinliklərdən bəhs edib. Tibb üzrə fəlsəfə doktoru, həkim onkoloq Sənubər Kərimova və İmmunogenetika / bioinformatika üzrə fəlsəfə doktoru Türkan Səmədova isə 2000-ci illərdən etibarən xaricdə təhsil proqramlarının, təqaüd və beynəlxalq akademik mobillik mexanizmlərinin institusional formalaşması, universitetlərarası tərəfdaşlıqlar və məzunların Azərbaycanın iqtisadi, elmi və institusional inkişafına verdikləri töhfələr barədə çıxış ediblər.
Bu il Azərbaycanın ev sahibliyi edəcəyi WUF13-ə uyğun “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş ikinci paneldə Amerikanın Clarkson Universitetinin məzunu, mühəndislik üzrə elmlər doktoru Tural Babayev öz təqdimatında mülki tikinti mühəndisliyi sahəsində təhsil perspektivlərini, Azərbaycanda tətbiq edilə biləcək innovativ həlləri və elmi layihələrin sənayeləşdirilməsi imkanlarını diqqətə çatdırıb. O, həmçinin Azərbaycanda şəhərsalma, memarlıq və tikinti sahəsində əmək bazarının üstünlüklərini, mühəndislik sahəsində elmi potensialın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Assosiasiyanın ümumi yığıncağında ALIM elmi assosiasiyasının son dövrdəki fəaliyyətləri, elmi layihələri və təşəbbüsləri üzrə hesabat təqdim olunub, doktorant və gənc tədqiqatçılar şəbəkəsinin inkişaf perspektivləri, Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında əməkdaşlığın daha da gücləndirilməsi istiqamətlərində planlar müzakirə edilib. Həmçinin gələcək dövr üçün birgə elmi layihələr, mübadilə proqramları, mentorluq platformalarının genişləndirilməsi kimi prioritet istiqamətlər müəyyənləşdirilib.

