ABŞ-də Nyu-Meksiko ştatının məhkəməsi azyaşlıların cinsi istismarına şərait yaratdığı üçün "Meta" korporasiyasını 375 milyon dollar məbləğində cərimələmək barədə qərar qəbul edib.
“Tehsil365“ xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məhkəmənin münsiflər heyəti təsdiqləyib ki, "Meta" Nyu-Meksiko ştatında istehlakçı hüquqlarının qorunması haqqında qanunvericiliyi pozub. Qərarda bildirilir ki, texnologiya nəhəngi cinayətkarların azyaşlılarla əlaqə qurmasına imkan yaradıb və bu da öz növbəsində insan alveri və istismarla nəticələnib. Eyni zamanda, şirkət sosial şəbəkələrdəki təhlükəli məzmunlara göz yummaqda və etibarlı olmayan məhsulların təşviqində təqsirləndirilir.
Rəsmi qurumların bildirdiyinə əsasən, korporasiya istifadəçilərin yaşını təsdiqləyən sadə qoruyucu mexanizmlərdən istifadə etməyib, əksinə, "Instagram", "Facebook" və "WhatsApp" platformalarının tam təhlükəsiz olduğunu iddia edib. "Meta" isə bu ittihamlarla razılaşmayaraq, yeniyetmələrin müdafiəsi istiqamətində hərtərəfli təhlükəsizlik sistemlərinə malik olduqlarını açıqlayıb.
İttihamnamədə, həmçinin şirkətin azyaşlıların psixoloji sağlamlığına mənfi təsir göstərdiyi vurğulanır. Platformalardakı davamlı vərəqləmə funksiyası və videoların ardıcıl olaraq avtomatik işə düşməsi uşaqlarda rəqəmsal asılılıq yaradır ki, bu cür vərdişlər də sonradan təşviş və depressiya hallarına yol aça bilir.

