“Android Authority" saytının jurnalistləri "Samsung" smartfonlarında yeni cihaz alındıqdan sonra söndürülməsi tövsiyə olunan funksiyaları açıqlayıblar.
“Tehsil365“ sözügedən sayta istinadən xəbər verir ki, ilk növbədə müəlliflər istifadəçilərə "Samsung" klaviaturasından imtina etməyi məsləhət görürlər.
Onların sözlərinə görə, bu klaviaturada yazmaq çətindir, avtomatik düzəliş zəif işləyir və səsli giriş funksiyası kifayət qədər effektiv deyil.
Bundan əlavə, jurnalistlər bildirişlərin bölünməsi funksiyasını da yararsız hesab edir və onu parametrlər menyusundan deaktiv etməyi tövsiyə edirlər.
Mütəxəssislərin fikrincə, ekranın kənarından sürüşdürmə ilə açılan yan panellər də istifadəni çətinləşdirir və onları söndürmək daha məqsədəuyğundur. Həmçinin "Samsung Wallet" üçün nəzərdə tutulmuş qısayolun da deaktiv edilməsi tövsiyə olunur - bunu sürətli giriş ayarlarından etmək mümkündür.
Materialda qeyd olunur ki, istifadəçilər ekran görüntüsü (skrinşot) almaq üçün nəzərdə tutulan sürüşdürmə jestini də söndürə bilərlər. Jurnalist Co Marinq bildirib ki, bu funksiya nəzəri baxımdan rahat görünsə də, praktikada, xüsusilə, ekran təmizlənərkən, tez-tez təsadüfən aktivləşir.

