Tibb eksperti Rasif Bağırov bildirir ki, insanlar sağlam həyat tərzini bilsələr də, çox vaxt zərərli vərdişlərdən uzaq dura bilmirlər. O, xüsusilə özünü internet vasitəsilə müalicə etməyin ciddi risklər yaratdığını vurğulayır.
“Tehsil365” ə açıqlamasında Rasif Bağırov bildirib ki:
İnsanların sağlamlıqla bağlı bilməli olduğu çox məqam var. Lakin əsas məsələ sağlam həyat tərzinin nə olduğunu anlamaq və onu davamlı şəkildə qoruyub saxlamaqdır. Bu, ən vacib məsələlərdən biri hesab olunur.
Ekspert qeyd edir ki, bir çox insanlar sağlam həyat tərzinin qaydalarını bilsələr də, buna əməl etmirlər. Bunun səbəbi isə zərərli vərdişlərin daha cəlbedici görünməsi və insanların bu vərdişləri tez-tez pozaraq davam etdirməsidir. Nəticədə isə bu davranışlar gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
Onun sözlərinə görə, ilk növbədə insanlar sağlam həyat tərzinin nədən ibarət olduğunu öyrənməli, hansı qidaların faydalı, hansının zərərli olduğunu bilməlidirlər.
Daha mürəkkəb və tibbi bilik tələb edən məsələlərdə isə mütləq həkim məsləhəti vacibdir. Ekspert vurğulayır ki, ən çox edilən səhvlərdən biri xəstələndikdə həkimə müraciət etmək əvəzinə, ətrafdakı insanların və ya qeyri-peşəkar mənbələrin tövsiyələrinə üstünlük verilməsidir.
Bəzi hallarda xəstəlik aşkar olunsa belə, həkimin verdiyi tövsiyələrə əməl edilmir və insanlar yenə də başqalarının dediklərinə inanırlar. Bu isə müalicə prosesini çətinləşdirə və daha ciddi fəsadlara səbəb ola bilər.
Rasif Bağırov xüsusilə internetdən istifadə məsələsinə diqqət çəkərək bildirir ki, onlayn platformalarda yayılan məlumatların hamısı etibarlı deyil. Bəzən kifayət qədər təcrübəsi olmayan şəxslər belə özlərini mütəxəssis kimi təqdim edərək yanlış məlumatlar paylaşırlar.
Ekspert xəbərdarlıq edir ki, sadəcə simptomlara əsaslanaraq internetdə axtarış aparıb özünü müalicə etməyə çalışmaq ən böyük səhvlərdən biridir.
Sonda o, insanlara tövsiyə edir ki, sağlamlıqları ilə bağlı qərar verərkən yalnız etibar etdikləri həkimə müraciət etsinlər və hər hansı məlumatı tətbiq etməzdən əvvəl mütləq mütəxəssislə məsləhətləşsinlər.

