Bayram günləri ilə əlaqədar məktəblərin də tətil olması və bu dövrdə uşaqların boş vaxtının artması ilə valideynlər üçün yeni bir narahatlıq yaranıb. Əsas problemlərdən biri uşaqların gün ərzində saatlarla telefon və planşetlərdən istifadə etməsidir.
“Tehsil365” xəbər verir ki, mütəxəssislər bildirir ki, uşaqların texnologiyaya həddindən artıq bağlılığı həm sağlamlığa, həm də psixoloji inkişafına mənfi təsir göstərir. Bu səbəbdən valideynlər tətil müddətində daha diqqətli olmalı və alternativ məşğuliyyətlər təşkil etməlidirlər.
Qeyd olunub ki, uşaqlar üçün gündəlik planın hazırlanması vacibdir. Plansız gün rejimi onların avtomatik olaraq telefona yönəlməsinə səbəb olur. Gün ərzində oyun, istirahət və öyrənmə vaxtlarının bölünməsi daha sağlam balans yaradır.
Eyni zamanda, açıq havada keçirilən vaxtın artırılması tövsiyə olunub. Park gəzintiləri, idman oyunları və digər aktiv fəaliyyətlər uşaqların enerjisini düzgün istiqamətləndirir.
Mütəxəssislər valideyn-uşaq ünsiyyətinin də vacibliyini vurğulayıb. Birgə oyunlar, ailəvi fəaliyyətlər və yaradıcı məşğuliyyətlər uşaqların diqqətini telefondan uzaqlaşdırmağa kömək edir.
Bundan əlavə, telefon və planşet istifadəsinə konkret vaxt limiti qoyulması tövsiyə edilib. Bu qaydalar əvvəlcədən müəyyənləşdirilməli və davamlı şəkildə tətbiq olunmalıdır.
Ekspertlər sonda qeyd edib ki, əsas məqsəd qadağa qoymaq deyil, uşaqlara daha maraqlı və faydalı alternativlər təqdim etməkdir. Bu halda uşaqlar texnologiyadan daha az istifadə etməyə meylli olurlar.

