Məktəbdə dərslərin maraqlı və interaktiv təşkili şagirdlərin təhsilə münasibətində mühüm rol oynayır. Xüsusilə ədəbiyyat dərslərinin monoton və maraqsız keçilməsi uşaqların psixoloji inkişafına təsir göstərə bilər.
Mövzu ilə bağlı psixoloq “Tehsil365"ə açıqlama verib.
Psixoloqun sözlərinə görə, maraqsız dərs mühiti şagirdlərdə motivasiya azalmasına səbəb olur: “Şagird dərsdən zövq almadıqda onun öyrənməyə marağı azalır və bu, digər fənlərə də təsir edə bilər.”
Mütəxəssis qeyd edib ki, bu hal emosional inkişafı da zəiflədir: “Ədəbiyyat dərsləri uşaqlarda empatiya, duyğuların ifadəsi və emosional zənginlik yaradan əsas fənlərdən biridir. Maraqsız keçildikdə bu imkanlar məhdudlaşır.”
Psixoloq əlavə edib ki, uzunmüddətli təsirlər də mümkündür: “Şagirdlərdə kitaba və oxumağa qarşı mənfi münasibət formalaşa bilər. Bu isə onların həm intellektual, həm də emosional inkişafına mənfi təsir edir.”
Sonda mütəxəssis vurğulayıb ki, ədəbiyyat dərsləri daha interaktiv və şagirdyönümlü təşkil olunmalıdır ki, uşaqlar həm öyrənsin, həm də bu prosesdən zövq alsınlar.

