“Uşaqlarda aqressiv davranışlar bəzi hallarda inkişafın normal hissəsi olsa da, onun davamlı olması diqqət tələb edir”.
Bu sözləri “Tehsil365”ə açıqlamasında psixoloq Mətanət Əliyeva bildirib.
Onun sözlərinə görə, uşaqlarda aqressiya müəyyən inkişaf mərhələlərində normal davranış forması kimi müşahidə oluna bilər.
“Lakin bu davranış tez-tez təkrarlanırsa və ya ətraf mühitə zərər verirsə, onun səbəblərini anlamaq vacib olur”, – deyə o qeyd edib.
Psixoloq bildirib ki, aqressiyanın əsas səbəblərindən biri uşağın emosiyalarını ifadə etmək bacarığının tam formalaşmamasıdır.
“Uşaq qəzəb, məyusluq, qısqanclıq kimi hissləri sözlə ifadə edə bilmədikdə, bunu davranışla göstərir”, – deyə o əlavə edib.
Mətanət Əliyeva vurğulayıb ki, ailə mühitində gərginlik, valideynlər arasında konfliktlər, sərt və ya ziddiyyətli tərbiyə üsulları, eləcə də diqqət və sevgi çatışmazlığı da aqressiv davranışlara səbəb ola bilər.
O qeyd edib ki, ekran qarşısında çox vaxt keçirmək və zorakı məzmunlara məruz qalmaq da bu prosesi gücləndirən amillər sırasındadır.
“Bəzən aqressiya uşağın özünü qoruma və ya diqqət cəlb etmə üsulu kimi də ortaya çıxır”, – deyə psixoloq bildirib.
Ekspert əlavə edib ki, aqressiyanın qarşısını almaq üçün uşağın emosiyalarını tanımasına və düzgün ifadə etməsinə kömək etmək vacibdir.
“Uşağa hisslərini adlandırmaq öyrədilməli, valideynlər isə sakit və sabit davranış modeli göstərməlidirlər”, – deyə o vurğulayıb.
Mətanət Əliyeva sonda qeyd edib ki, müsbət davranışların təşviqi, aydın qaydaların qoyulması və uşağa diqqət ayrılması aqressiyanın azalmasına kömək edir.
“Əgər aqressiv davranışlar davamlı və intensiv xarakter alırsa, psixoloq dəstəyi almaq daha uyğun yanaşmadır”, – deyə o fikrini yekunlaşdırıb.

