Sabit Rəhman XX əsr Azərbaycan ədəbiyyatında, mədəniyyət və incəsənətində mühüm yer tutan sənətkarlardandır. O, yazıçı, dramaturq, kinossenarist kimi dövrünün ictimai-siyasi proseslərini öz əsərlərində əks etdirib.
“Tehsil365" xəbər verir ki, bu gün yazıçı, dramaturq, Azərbaycanın Əməkdar incəsənət xadimi Sabit Rəhmanın anadan olmasından 116-cı il ötür.
Müasir Azərbaycan komediyasının yaranmasında və inkişafında xüsusi xidmətləri olan Sabit Rəhman 1938-ci ildə “Toy” komediyasını yazır. “Toy” toy kimi qarşılansa da, Sabit Rəhmanın yazdığı “Toy”un əsl mahiyyətini bilmək üçün böyük imperiyanın süqutunu gözləmək lazım gəlirdi.
Mərhum ədəbiyyatşünas-tənqidçi Yaşar Qarayev yazırdı: “Mən həmişə heyrət edərdim ki, bu qədər şaqraq, şən və şux bir “Toy” “37”dən dərhal sonra, 1938-ci ildə necə meydana çıxa və necə belə ucadan səslənə bilərdi?! Doğrudanmı, bu “Toy” - matəmdə bayram, vəba vaxtı işrət” idi?”
Sabit Rəhman dırnaqarası ideal sayılan sovet cəmiyyətinin nöqsanlarını gülə-gülə göstərsə də, əslində bu gülüşün arxasında bir insan taleyi dayanırdı. Necə ki, özü “Toy” komediyasını yazandan sonra demişdi: “Mən qabaqcadan bilirdim ki, yerim 37-ci ildə tutulan yazıçıların arasında olacaq. Lakin yazıçı borcumu yerinə yetirmək mənə üstün gəldi”.
Sabit Rəhman təkcə nasir, dramaturq kimi yox, qeyri-adi istedadı, fərqli düşüncəsi, cəsarəti ilə kinossenarist kimi də uğur qazandı. Sabit Rəhmanın qələmindən çıxan “Arşın mal alan”, “O olmasın bu olsun”, “Koroğlu”, “Əhməd haradadır” filmləri milli kinomuzun ən gözəl nümunələrindən sayılır. Bunu vaxtı ilə “Arşın mal alan” filminin ssenarisini oxuyan Üzeyir bəy Hacıbəylinin Sabit Rəhmana dediyi sözlər də təsdiq edir: “Başqası mənim gülüşlərimi hoqqabazlığa çevirə bilərdi, amma sən ona ekran üçün can vermisən”.
Böyük sənətkar olmaqla yanaşı, Sabit Rəhman böyük insan idi. O, hər zaman yaxşı dostlarının olması ilə özünü xoşbəxt sayardı. Xalq şairi Rəsul Rza onun barəsində yazırdı: “Sabit mənim üçün hər şeydən əvvəl insani dostluq mücəssəməsidir. Mən fəxr edirəm ki, Sabit kimi bir dostum var”.
Sabit Rəhman 1970-ci il sentyabrın 23-də Bakıda vəfat edib.

