Həzm problemləri, köp və qəbizlik bir çox insanın qarşılaşdığı yayğın narahatlıqlardandır. Sürətli həll yolları axtarılsa da, mütəxəssislər bildirir ki, əsas çıxış yolu uzunmüddətli düzgün qidalanmadır.
“Tehsil365” xəbər verir ki, astroenteroloq Trişa Paşriça qeyd edir ki, əsas məsələ lif qəbuludur və insanların əksəriyyəti onu kifayət qədər istehlak etmir. Onun sözlərinə görə, həzmi yaxşılaşdırmaq üçün ən vacib addım liflə zəngin qidaların artırılmasıdır və lif çatışmazlığı çox geniş yayılıb.
Lifin özəlliyi ondadır ki, orqanizm onu zülal və ya yağ kimi həzm etmir. Əvəzində o, bağırsaqdakı faydalı bakteriyalar üçün qida rolunu oynayır. Qastroenteroloq Supriya Rao izah edir ki, bakteriyalar lifi parçalayarkən bağırsaq selikli qişasını qoruyan və iltihabı azaldan qısa zəncirli yağ turşuları yaranır.
Mütəxəssislər bağırsaq sağlamlığı üçün xüsusilə kivi meyvəsini tövsiyə edirlər. Trişa Paşriça bildirir ki, bu meyvənin müntəzəm qəbulu bağırsağın fəaliyyətini yaxşılaşdırır.
Onun sözlərinə görə, klinik tədqiqatlar göstərir ki, gündə iki kivi yemək bağırsaq fəaliyyətini tənzimləyir və qəbizliyi yüngülləşdirir. Kivinin tərkibindəki lif suyu yaxşı saxlayır, bu da nəcis kütləsini yumşaldaraq ifrazı asanlaşdırır.
Bununla yanaşı, həkimlər vurğulayırlar ki, məsələ yalnız bir "möcüzəvi məhsul”da deyil, ümumi qidalanma rejimindədir.
Ekspertlər tərəvəz, meyvə, paxlalılar və tam taxıllı məhsulların rasionda müntəzəm yer almasını tövsiyə edirlər. Supriya Raonun sözlərinə görə, bağırsaq mikrobiotası ən yaxşı şəkildə müxtəlif bitki mənşəli qidalar qəbul edildikdə fəaliyyət göstərir.
Belə qidalanma yalnız həzmi yaxşılaşdırmır, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.

