Repetitorluğun yayılması sistemin zəifliyi kimi qiymətləndirilə bilməz, amma bəzi nöqsanlar var. Əsas problem qəbul imtahanlarının formatındadır. Fənn sayının çoxluğu və bütün sinif materiallarının yoxlanılması şagirdlərdə təkrar etmə və repetitor ehtiyacı yaradır.
Bu fikirləri təhsil eksperti Elçin Əfəndi “Tehsil365” ə açıqlamasında bildirib. İbtidai təhsil pilləsində də repetitorluğun yayılması müşahidə olunursa, bu, ev tapşırıqlarının çoxluğu və dərs yükünün yüksək olmasından irəli gəlir. Şagirdlərin dərs yükü azaldılarsa, erkən mərhələdən repetitorlara ehtiyac azalacaq.
Azərbaycanda repetitorluğa münasibət digər ölkələrdən fərqlidir. Bəzən şagirdin real problemi olmasa da, valideyn onu repetitor yanına göndərməyə məcbur edir. Təhsil proqramı ilə Dövlət İmtahan Mərkəzinin proqramı demək olar ki, eynidir. Problem ondan ibarətdir ki, imtahan zamanı bütün sinif materialları üzrə bilik yoxlanılır, bu isə əlavə təkrar tələb edir və repetitorlara ehtiyac yaradır.
Əgər imtahan yalnız 10-11-ci sinif materialları üzrə keçirilərsə, şagird məktəbdə aldığı biliklər əsasında təhsil müəssisəsinə qəbul ola bilər və repetitorlara olan ehtiyac azalardı.

