Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsis edilmiş Elm Günü milli intellektual potensialın dövlət quruculuğu arxitekturasında hərəkətverici qüvvə və strateji resurs kimi qəbul olunmasının ali səviyyədə təsdiqidir. Bu sənəd elm faktoru üzərində yüksələn milli inkişaf strategiyasının təzahürü olmaqla yanaşı, elmi fəaliyyətin cəmiyyətin innovativ inkişafındakı müstəsna rolunu rəsmiləşdirib.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis edilməsi ilə əsası qoyulmuş institusional təkamül prosesi, müasir mərhələdə klassik akademik tədqiqat paradiqmasından biliklər iqtisadiyyatına və yüksək texnologiyalı tətbiqi ekosistemlərə keyfiyyət keçidini ehtiva edir. Bu transformasiya elmi təfəkkürün nəzəri-fundamental xarakterindən uzaqlaşaraq, dövlətin rəqabətədavamlılıq indeksini müəyyən edən praktik gücə çevrilməsini şərtləndirir.
Bu fikirlər Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun “Tehsil365 “ ə təqdim etdiyi “Azərbaycan elmi: Suverenliyin və yüksəktexnoloji gələcəyin intellektual zəmanəti” məqaləsində yer alıb. Məqalədə qeyd olunur ki, Elm Gününün dövlətçilik mahiyyəti məhz elmi resursların milli maraqların müdafiəsi və intellektual müstəvidə strateji üstünlüyün təmin edilməsi prioritetləri ilə yenidən müəyyənləşdirilir. Beləliklə, elmi fəaliyyət həm də rəqəmsal transformasiyalar dövründə dövlətin hərbi-sənaye, texnoloji və sosial-iqtisadi dayanıqlığının konseptual dayağı kimi çıxış edir.
Müasir mərhələdə Azərbaycan alimləri qarşısında duran fundamental çağırış fənlərarası sinerjini (inter-, multi- və transdisiplinar yanaşmaları) rəhbər tutaraq, rəqəmsal ekosistemlərin neft-qaz mühəndisliyindən aqrar-sənaye kompleksinə qədər bütün strateji sektorlara adaptasiyasını təmin etməkdir. Bu proses iqtisadi effektivliyin innovativ rebrendinqinə və milli resursların idarə olunmasında texnoloji suverenliyin bərqərar olmasına xidmət edir. Qlobal iqlim determinizmi və dekarbonizasiya trendləri fonunda təşəkkül tapan “Yaşıl artım” doktrinası, elmi prioritetlərin ekoloji paradiqmaya transferini strateji zərurətə çevirir.

