Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Səfa Qarayevin “Dede Korkut Oğuznamesi: Metaforlar ve Psikoanalitik Çözümlemeler” adlı kitabı Türkiyənin “Çınaraltı” nəşriyyatı tərəfindən nəşr edilib.
İnstitutdan “Tehsil365” ə bildirilib ki, kitabın tərcüməsi Azərbaycan elmi və bədii ədəbiyyatının türkçəyə çevrilməsində xüsusi təcrübəsi olan Alpaslan Demir tərəfindən həyata keçirilib.
Dosent Səfa Qarayev “Dədə Qorqud Oğuznaməsi: Metaforlar və Psixoanalitik Çözümləmələr” adlı bu tədqiqatında Oğuz hekayələrinin mifoloji alt qatlarına enərək, onları metaforların qurduğu məna şəbəkələri və psixoanalitik oxunun təqdim etdiyi anlayışlar vasitəsilə yenidən şərh edir. Kitabda qəhrəmanların sınaq anları, münaqişələri, itirdikləri və qazancları, ailə, toplum və mərkəzi güclə qurulan münasibətləri psixodinamik konteksti ilə birlikdə araşdırılır. Mətndəki təkrarlar, qadağalar, itkilər, yuxuya bənzər səhnələr və simvolik elementlər fərdin daxili dünyasındakı gərginliklərin və kollektiv şüuraltının təcəssümüi kimi oxunur.
Kitabda “Kitabi-Dədə Qorqud” eposunun məna dünyası sosial-antropoloji və psixoanalitik yanaşma metodu ilə araşdırılıb. Müəllif göstərir ki, “Kitabi-Dədə Qorqud”da və bu ənənəyə aid başqa folklor mətnlərində süjet və motivlər insanın psixoloji dünyasının metaforik ifadəsidir. Bu yanaşmanın əsas nəticələrindən biri də eposun kişi dünyasının və kişi düşüncə tərzinin bədii ifadəsi kimi dəyərləndirilməsidir.
İki fəsildən ibarət olan kitabın birinci fəsli “Kitabi-Dədə Qorqud”da (“KDQ”) epik reallıq və metaforik məna”, ikinci fəsli isə “KDQ”-də dəlilik: psixosemantik etiologiyası və simvolik semantikası” adlanır.
Kitabda geniş şəkildə təhlil olunan əsas semantik vahidlərdən biri “hökmdar” metaforasıdır. Müəllif bu metaforanı yalnız epik mətnlər üçün deyil, ümumilikdə arxaik mədəniyyətlərin struktur özünütəşkilində mühüm rol oynayan simvolik komponent kimi diqqət mərkəzinə gətirib.

